Dünyada müxtəlif dövrlərdə doğulan nəsillər texnologiya, sosial davranış, həyat tərzi və dəyərlər baxımından bir-birindən kəskin şəkildə fərqlənir. Mütəxəssislərin təsnifatına görə hazırda ən çox müzakirə olunan beş əsas nəsil mövcuddur – Alfa, Z, Y (Millenial), X və Baby Boom.
Tribuna.az xəbər verir ki, 2026-cı ildən etibarən doğulanlar Beta nəsli hesab ediləcək. Qarşıdakı 15 il ərzində Beta nəslin yetirmələrini görəcəyik.
Geridə qoyduğumuz nəsil isə Alfa nəslidir. Alfa nəslinin (2010–2025) yetirmələri tam rəqəmsal dövrdə böyüyən ilk nəsil hesab olunur. Planşet, smartfon və internet onların gündəlik həyatının əsas hissəsidir. Süni intellektlə ən çox qarşılaşan nəsil kimi də xarakterizə olunurlar. Hazırda bu nəsil hələlik uşaqlıq dövrünü yaşayır.
Z nəsli (1997–2009)
İnternet və sosial şəbəkələrin geniş yayıldığı dövrdə böyüsələr də, texnologiya ilə doğulan nəsil deyillər. TikTok, Instagram və YouTube nəsli kimi tanınırlar. Texnologiyanı çox tez mənimsəyirlər və özlərini ifadə etməyə daha açıqdırlar.
Y nəsli — Milleniallar (1981–1996)
Bu nəsil uşaqlığını internetdən əvvəl, gənclik illərini isə sürətli rəqəmsallaşma dövründə keçirib. Kompüter, Nokia telefonlar və MSN dövrünün nümayəndələridir. İş və texnologiya arasında balans yaratmaqda daha bacarıqlı olduqları deyilir.
X nəsli (1965–1980)
İnternetsiz böyüyən, lakin texnologiyaya sonradan uyğunlaşan nəsildir. Daha ənənəvi dəyərlərə sahibdirlər və iş həyatında sabit, məsuliyyətli nəsil kimi tanınırlar.
Baby Boom nəsli (1946–1964)
Müharibədən sonrakı dövrün uşaqlarıdır. Daha sakit, stabil həyat tərzi və ənənəvi dəyərlərə bağlılıqları ilə seçilirlər. Uzun müddət eyni iş yerində çalışma ənənəsi bu nəsildə daha güclüdür.
Sosioloqlar hesab edir ki, hər nəsilin formalaşmasına həmin dövrün sosial-siyasi hadisələri və texnoloji inkişaf sürəti ciddi təsir göstərib. Bu səbəbdən nəsillər arasındakı fərqlər həm düşüncə tərzində, həm də gündəlik həyat davranışlarında açıq şəkildə görünür.
Gülşən Rəsul









