Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsində ittiham aktı elan olunub

Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsində ittiham aktı elan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 13 il əvvəl qəsdən adam öldümə cinayəti təşkil etməkdə təqsirləndirilən Xəyal Əlizadənin məhkəməsi davam etdirilib.

Tribuna.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda bildirilib ki, 2013-cü ilin mayında Bakı şəhəri, Ə.Rəcəbli küçəsində Vüsal Şilderə yaxınlaşan Elman İsgəndərov ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində Vüsal Şilder dünyasını dəyişib. İki gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu qətlin digər iştirakçısı Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib.

Məlum olub ki, İsgəndərov və Talıbov qətlin icraçılarıdır. Onlara qətli törətmək üçün sifarişi Xəyal Əlizadə verib. Hadisənin qısqanclıq zəmində baş verdiyi ortaya çıxıb. V.Şidler hədə-qorxu mesajları alandan bir neçə ay sonra qətlə yetirilib.

İstintaq səndəllərində görə, Xəyal Seymur Talıbova bu qətli törətmək üçün 10 min manat vəd edib və bu qətli icra edən şəxsi tapmasını istəyib. Seymur da bu işi görmək üçün əvvəl məhkum olunmuş Elman İsgəndərovu tapıb.

Daha sonra Elmanı cinayəti həyata keçirmək üçün Siyəzən rayonundan Bakı şəhərinə gətiriblər. Elmana Bakı şəhərində qalması üçün əvvəlcə 100 manat, daha sonra isə 50 manat veriblər. Həmçinin Elmana bu cinayətə görə məhkum olunmayacağına dair vəd veriblər.

Vüsal Şilderin hərəkəti izlənilib və evinin yaxınlığında Elman İsgəndərov onu bıçaqlayaraq qətlə yetirib. Seymur Talıbov Xəyaldan aldığı puldan 1000 manat Elman İsgəndərova verib.

Xəyal Əlizadə elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O, hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib. Vəkili Əlövsət Abbasov isə bildirib ki, müvəkkili şahidlər dindiriləndən sonra ifadə verəcək. Müdafiə tərəfinin istəyi nəzərə alınıb.

Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Fərid Həsənov təqsirləndirilən şəxsin istintaq ifadəsinin elan olunmasını istəyib. Bildirib ki, şahidlərə suallar verilən zaman ifadəyə istinad etmək üçün təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsinin elan olunması vacibdir. Hakim bu məsələyə növbəti prosesdə münasibət bildiriləcəyini deyib.

Növbəti proses oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Şilder Vüsal Adolf qəsdən öldürülüb. Faktla bağlı prokurorluq orqanları tərəfindən aparılmış ibtidai istintaq nəticəsində İsgəndərov Elman Seyidağa oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Talıbov Seymur Teymur oğlu isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Müvafiq məhkəmə hökmləri ilə sadalanan cinayətlərdə təqsirli bilinərək Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əlizadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.

Xəyal Əlizadə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.
Ötən müddət ərzində Xəyal Əlizadənin ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.

Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əlizadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsi ilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 2013-cü ilin may ayında Bakıda Almaniya vətəndaşı, “Mercedes Benz” şirkətinin Azərbaycandakı təmsilçisinin oğlu Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölüb. Əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb.
Almaniya vətəndaşı olan 23 yaşlı Vüsal Şilder Adolf əslən azərbaycanlı olub. Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vüsal Şilder Adolfu Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.