Türkiyənin bu şəhərində dilənçilik və küçədə müştəri çağırmaq qadağan edildi

Türkiyənin bu şəhərində dilənçilik və küçədə müştəri çağırmaq qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Şanlıurfa vilayətində ictimai asayişin, təhlükəsizliyin və cəmiyyətin rahatlığının qorunması məqsədilə dilənçilik və küçədə təkidli şəkildə müştəri cəlb etmə fəaliyyəti qadağan olunub.

Tribuna.az haberturk.com-a istinadən xəbər verir ki, Şanlıurfa Valiliyi tərəfindən yayımlanan ümumi əmrə əsasən, küçə və prospektlərdə, meydanlarda, park və bağçalarda, avtomobil dayanacaqlarında, dayanacaqlarda, tarixi və mədəni məkanlarda, ibadət yerlərində, bankomatların ətrafında, körpü altlarında, işıqfor və yolayrıcılarında dilənmək, insanları narahat edərək pul istəmək, avtomobil şüşəsi silmək, dəsmal, çiçək və oxşar məhsullar satmaq qadağan edilib.

Bildirilib ki, yol təhlükəsizliyinə təhdid yaratdığı üçün ictimai nəqliyyat vasitələrində, qəbiristanlıqlarda, nikah salonlarında, əyləncə məkanlarında və səkilərdə vətəndaşları narahat edən bu cür fəaliyyətlərin qarşısı alınacaq.

Ümumi əmrdə uşaqların valideynləri və ya qəyyumları yanında olsa belə, zibilliklərdən və küçələrdən təkrar emal materialları toplama işlərinə cəlb edilməsi və bu fəaliyyətlərdə istifadə olunması da qadağan edilib.

Qərara əsasən, “hanutçuluq” adlandırılan — iş yerlərinin qarşısında piyadaların keçidinə mane olan, təkidli, yüksək səslə və ya fiziki təmasla müştəri çağırmaq, eləcə də obyekt sərhədlərindən kənarda tanıtım və ikram fəaliyyəti aparmaq da qadağa altına alınıb.

Qadağanı pozan şəxslər barəsində Kabahatlər Qanunu, Türk Cəza Məcəlləsi və İl İdarəçiliyi Qanununa uyğun olaraq inzibati və cinayət məsuliyyəti tədbirləri görüləcək. Əgər bu əməllərin uşaqlar tərəfindən törədildiyi müəyyən edilərsə, valideynlər və ya qəyyumlar da məsuliyyətə cəlb olunacaq.

Məsələ ilə bağlı açıqlama verən Şanlıurfa valisi Hasan Şıldak bildirib ki, dilənçilik və vətəndaşları narahat edərək pul istəmə halları ictimai qaydanı poza, bəzən isə yol və ətraf mühit təhlükəsizliyini ciddi şəkildə təhdid edə bilər. Onun sözlərinə görə, xüsusilə uşaqların, əlillərin və özünü idarə edə bilməyən şəxslərin istismar edildiyi bu cür fəaliyyətlər zamanla təşkilatlanmış qruplara çevrilə və cinayət xarakterli nəticələr doğura bilər.

Vali Şıldak əlavə edib ki, nəzarət tədbirləri polis, jandarm və bələdiyyə zabıta əməkdaşları tərəfindən həyata keçiriləcək.

İmran Kərimli