Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq

Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə siqaret satışına yeni məhdudiyyətlərin tətbiqi planlaşdırılır. Yeni qaydalara əsasən, siqaret almaq istəyən şəxslərdən şəxsiyyət vəsiqəsini təqdim etmələri və ya Türkiyə şəxsiyyət nömrəsini bildirmələri tələb oluna bilər.

 Tribuna.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu açıqlama verib. Məlumatı Türkiyənin CNBC-e nəşri yayıb.

Nazirin sözlərinə görə, tütün məhsullarının satışına nəzarəti gücləndirmək məqsədilə siqaret alışında şəxsiyyət məlumatlarının təqdim edilməsi məcburi olacaq. Bununla bağlı qanun layihəsinin bir neçə həftə ərzində Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi planlaşdırılır.

Memişoğlu bildirib ki, əsas məqsəd siqaretin cəmiyyətdə adi və normal vərdiş kimi qəbul edilməsinin qarşısını almaq, xüsusilə uşaqlar və yeniyetmələr arasında tütün istifadəsini azaltmaqdır. Yeni qaydalar çərçivəsində satış məntəqələrində yoxlamaların da gücləndirilməsi nəzərdə tutulur.

Türkiyədə 18 yaşına çatmayan şəxslərə siqaret satışı hazırda da qadağandır. Yeni təşəbbüs isə alıcının yaşının yoxlanılması üçün şəxsiyyət məlumatlarının təqdim edilməsini məcburi etməyə yönəlib.

Səhiyyə naziri, həmçinin siqaret çəkilən və çəkilməyən ərazilərlə bağlı qaydaların dəqiqləşdiriləcəyini bildirib. Xüsusilə kafe və restoranlarda siqaret çəkməyən insanların hüquqlarının qorunmasına diqqət yetiriləcək.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsi ilə satış tələbi hələ qüvvəyə minmiş qanun deyil. Təklifin parlamentə təqdim edilməsi və qanunvericilik prosesindən keçməsi gözlənilir.

İmran Kərimli