ABŞ prezidenti Donald Tramp ölkə iqtisadiyyatının artıq tam nəzarəti altında olduğunu bəyan edib. Lakin sorğular göstərir ki, amerikalıların əksəriyyəti iqtisadi vəziyyətin əlverişli olması ilə razılaşmır.
Tribuna.az Bloomberg -ə istinadən xəbər verir ki, Trampın ikinci müddətinin əvvəlində komandası iqtisadiyyata tam nəzarətin qurulması üçün təxminən bir il lazım ola biləcəyini bildirirdi. Prezident isə bu yaxınlarda həmin mərhələnin artıq başa çatdığını deyib.
Ancaq seçiciləri buna inandırmaq asan görünmür. The Washington Post–ABC News–Ipsos sorğusuna görə, amerikalıların çoxu Trampın iqtisadiyyat, inflyasiya və gömrük rüsumları ilə bağlı siyasətini bəyənmir. Seçicilər uzun illər davam edən yüksək qiymətlərdən əziyyət çəkir və mal və xidmətlərin əlçatanlığında problemlər yaşayırlar.
Wolfe Research-in baş iqtisadçısı Stefani Rot bildirib:
“Real iqtisadiyyat kifayət qədər möhkəmdir, lakin seçicilər bunu hiss etmirlər. İnsanlar malların və xidmətlərin əlçatmaz olduğunu düşünür və administrasiya bu vəziyyəti dəyişə bilmir”.
Əmək bazarında vəziyyət
Ötən il yavaşlamadan sonra əmək bazarı sabitləşməyə başlayıb. Yanvarda ABŞ-da təxminən 130 min yeni iş yeri açılıb, işsizlik səviyyəsi isə 4,3%-ə enib. Bununla yanaşı, maaş artım tempi Trampın hakimiyyətə gəlməsindən əvvəlki dövrlə müqayisədə zəifləyib.
Şirkətlər yeni işçilərin işə qəbulunu azaldıb, eyni zamanda mövcud əməkdaşları kütləvi şəkildə ixtisar etməyə tələsmirlər. Həftəlik işsizlik müavinəti üçün yeni müraciətlərin sayı 206 minə düşüb ki, bu da genişmiqyaslı ixtisarların olmadığını göstərir. Lakin işini itirənlərin yenidən iş tapması çətinləşib.
İnflyasiya və iqtisadi artım
İnflyasiya 2022-ci ilin pik səviyyəsindən xeyli aşağı düşsə də, Trampın vəzifəyə başladığı vaxtdan bəri ciddi dəyişiklik qeydə alınmayıb. ABŞ Federal Ehtiyat Sisteminin əsas göstəricisi sayılan inflyasiya təxminən 3% səviyyəsindədir. Yüksək qiymətlər prezident üçün əsas siyasi çağırış olaraq qalır.
Ötən il ABŞ iqtisadiyyatı artım nümayiş etdirib. Dördüncü rübdə ÜDM illik ifadədə 1,4% artıb, ümumilikdə isə il ərzində artım 2,2% təşkil edib.
Mənzil problemi
Əsas problemlərdən biri də mənzil əlçatanlığıdır. ABŞ-da 30 illik ipoteka üzrə faiz dərəcəsi təxminən 6% təşkil edir. Bu göstərici Trampın ikinci müddətinin əvvəlindəki səviyyədən aşağı olsa da, 2022-ci ildən əvvəlki dövrlə müqayisədə yüksək qalır. Ev satışları və tikinti templəri zəifdir.
Tanınmış amerikalı investor Peter Şiff (“Dr. Doom”) 2008-ci il ipoteka böhranını əvvəlcədən proqnozlaşdırmışdı. O, ABŞ-da dolların çökməsi ilə müşayiət oluna biləcək mümkün “maliyyə fəlakəti” barədə xəbərdarlıq edib.
Bloomberg daha əvvəl yazıb ki, Avropa İttifaqı Tramp administrasiyasının yeni gömrük planı ilə bağlı izahatlarını gözləyərək ABŞ-la ticarət sazişinin ratifikasiyasını təxirə sala bilər.
Bundan əvvəl bildirilib ki, dünya iqtisadiyyatı üzrə ixtisaslaşmış Kiel İnstitutunun ekspertlərinin qiymətləndirməsinə görə, Trampın idxal mallarına tətbiq etdiyi rüsumların əsas yükü faktiki olaraq amerikalı idxalçılar və istehlakçılar tərəfindən ödənilir.
İmran Kərimli









