İran-ABŞ qarşıdurması artıq qaçılmaza çevrilib.
Tribuna.az xəbər verir ki, Amerika özünün ən elit hərbi birliklərini İran çevrəsinə gətirib.
Bunun fonunda baş verən hadisələr isə olduqca maraqlı və riskləri özündə ehtiva edir. Belə ki, İranın dini lideri Əli Xamineyi bu həftə içində Camkəran məscidinə səfər edəcək. Onun burada namaz qılacağı və İran xalqına müraciət edəcəyi gözlənilir.
Qeyd edək ki, Cəmkəran məscidi İranda Qum şiə məktəbinin əsas mərkəzlərindəndir. İran dini liderləri adətən vacib qərarlar zamanı buranı ziyarət edirlər.
Xamineyinin bu addımı İran ətrafında baş verən hadisələr fonunda olduqca diqqət çəkəndir. O, hansı addımı ata bilər? Məsələni Tribuna.az-a şərh edən siyasi ekspert Fikrət Fəraməzoğlu bildirib ki, məsələni hadisələrin gedişatı fonunda şərh etmək hansı addımların atılacağını təxmin etməyə imkan verir. O deyib ki, ABŞ prezidenti Donald Tramp açıq şəkildə İranı hədələyərək, onlardan qəti mövqe tələb edib. “Almaniyanın kansleri Mertz isə bildirib ki, İrandakı rejimin sonuna az qalıb. O konkret olaraq müddət də qeyd edib: “Bu bir-iki həftə müddətini aşmayacaq”. Bəzi məlumatlarda ABŞ-ın İrana 24 saat vaxt verdiyi də deyilir. Üstəlik, İsrailin baş naziri Benyamin Netanyahu bu gün İranla bağlı Nazirlər Kabinetinin iclasını çağıracaq. Yəni, bu hadisələr və xəbərlər Xamineyinin İran xalqına müraciətinin təməlini təşkil edəcək”.
Fəraməzoğlu qeyd edib ki, İranın ABŞ-a qarşı önləyici addım ataraq, hücuma keçə biləcəyinə dair də məlumatlar var. Ona görə də, siyasi şərhçi mümkün iki ehtimaldan bəhs edib. “Xamineyi Camkəranda böyük ehtimalla cümə xütbəsi ilə çıxış edəcək. Lakin bu, təkcə xütbə yox, həm də xalqa müraciət olacaq. İki mümkün ehtimaldan birinin ola biləcəyini düşünürəm. Birincisi, Xamineyi istefa verdiyini və rejim rəhbərliyini başqa birinə ötürdüyünü açıqlaya bilər. Əgər belə hal olarsa, varis böyük ehtimalla oğlu Müctəba Xamineyi olacaq. Amma mümkündür ki, idarəetmənin bütünlüklə SEPAH-a verildiyini bəyan etsin”.
O, ikinci versiya olaraq “müqəddəs cihad”ın elan edildiyini açıqlaya biləcəyini təxmin edir. Fəraməzoğlu bildirib ki, hazırdkı durumda bu daha real görünür. “O, ABŞ-la müharibəyə başlamaqdan başqa yollarının qalmadığını və bu səbəbdən də “müqəddəs cihad” elan etdiyini bəyan edə edə bilər. Bu daha çox ehtimal olunandır. Çünki Xamineyi ABŞ-ın qabağından qaçmadığını nümayiş etdirəcək. Əks halda, onu dəstəkləyən tərəfdarlarının etimadını itirmiş olacaq”.
Fərda Uğur










