“Yelo Bank” krediti  tez bağlamaq istəyən müştəridən əlavə pul istəyir – ŞİKAYƏT

“Yelo Bank” krediti tez bağlamaq istəyən müştəridən əlavə pul istəyir – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank”ın müştərisi kreditini vaxtından əvvəl bağlamaq istədiyi zaman ondan əlavə 94 manat tələb olunduğunu iddia edir.

Tribuna.az xəbər verir ki, bu barədə vətəndaş Aqşin Əliyev “Müştəriyəm Şikayətim Var” sosial şəbəkə qrupunda paylaşım edib.

Vətəndaşın sözlərinə görə, o, aprel ayında “Yelo Bank”dan 10 500 manat kredit götürüb. Kredit rəsmiləşdirilərkən 150 manatdan çox komissiya tutulduğunu bildirən şikayətçi, sonrakı beş ay ərzində hər ay 375 manat ödəniş etdiyini qeyd edib.

Onun iddiasına görə, beş ay ərzində ödənişlər etməsinə baxmayaraq, kredit üzrə qalıq borcu 9450 manat olub.

“Yelo Bank”dakı kreditini də bağlamaq istəyən şikayətçi iddia edir ki, kredit borcunu ödəməyə hazır olsa da, kreditin vaxtından əvvəl bağlanması və sistemdən silinməsi üçün ondan əlavə 94 manat tələb olunub.

Aqşin Əliyev bu tələbin səbəbini anlamadığını bildirərək banka narazılığını ifadə edib. O, beş ay ərzində əsasən faiz ödədiyini düşündüyünü, mövcud borcunu tam bağlamaq istədiyi halda əlavə ödəniş tələb edilməsini ədalətsiz hesab etdiyini vurğulayıb.

Bank ekspertləri hesab edir ki, vaxtından əvvəl kreditlərin bağlanması ilə bağlı şərtlər müqavilədə göstərilməlidir.

Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-4-cü maddəsinə əsasən, istehlakçı krediti istənilən vaxt tam və ya qismən vaxtından əvvəl ödəyə bilər. Bu zaman kreditin qalıq müddətinə görə hesablanmış faizlər və digər haqlar vaxtından əvvəl ödənilən məbləğə mütənasib olaraq azaldılmalıdır. Qanunvericilik müəyyən şərtlərlə bankın kompensasiya tələb etməsinə də imkan verir. Lakin bunun üçün müqavilə şərtləri və qanunla müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.

Məsələ ilə bağlı “Yelo Bank”ın mövqeyini öyrənməyə hazırıq.

Gülşən Rəsul