“SIREN TRADING”in idxal etdiyi “Qerkules”dən həşərat çıxdı – Şikayət

“SIREN TRADING”in idxal etdiyi “Qerkules”dən həşərat çıxdı – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlar üçün nəzərdə tutulan “Qerkules” yulaf məhsulunun keyfiyyəti ilə bağlı şikayət ictimailəşdirilib.

Tribuna.az xəbər verir ki, Elvin Əli adlı şəxs sosial şəbəkə hesabında paylaşım edərək, SIREN TRADING şirkətinin Azərbaycana idxalını və satışını həyata keçirdiyi məhsulun içərisindən həşəratlar çıxdığını bildirib.

Onun sözlərinə görə, müxtəlif vaxtlarda aldığı üç məhsulun hamısında eyni problemlə qarşılaşıb və məhsulları geri qaytarmağa məcbur olub. Şikayətçi qeyd edib ki, məhsulların son istifadə müddəti bitməsə də, onların içərisindən kiçik həşəratlar çıxıb.

Elvin Əli məhsulun saxlanma şəraiti və keyfiyyətinə nəzarətlə bağlı suallar ünvanlayaraq, şirkətdən məsələ ilə bağlı açıqlama verilməsini və problemin araşdırılmasını tələb edib.

Qeyd edək ki, içindən qurd çıxan məhsulu gətirən şirkət SIREN TRADING MMC-dir. Bu MMC Azərbaycanda qida və qeyri-qida məhsullarının idxalı və distribusiyası ilə məşğul olur.

Şirkət 2008-ci ildə qida məhsullarının idxalçısı kimi başlayıb. Daha sonra fəaliyyətini genişləndirərək müxtəlif beynəlxalq brendlərin məhsullarını Azərbaycanda satışa çıxaran distribüter şirkətinə çevrilib.

Araşdırma zamanı məlum oldu ki, SIREN TRADING MMC ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqladığı iki fakt mövcuddur.

Belə ki, 2024-cü il — idxal olunan suxari məhsulunda uyğunsuzluq aşkarlanıb.
AQTA-nın 8 oktyabr 2024-cü il tarixli məlumatına görə, şirkətin Rusiyadan idxal etdiyi “OOO Raspak” müəssisəsinə məxsus 127,5 kiloqram suxari məhsulunda kif və maya göbələklərinin miqdarının normadan artıq olduğu müəyyən edilib.

Bundan başqa, 2022-ci ildə də SIREN TRADING MMC-nin özünün müraciəti əsasında ümumi çəkisi 2 330 kiloqram olan müxtəlif qida məhsullarının məhv edildiyi bildirilir. Bunlara un və un məmulatları, dənli paxlalılar, süd məhsulları və digər məhsullar daxil olub. Məlumata görə, məhsullar istehlaka yararsız və istifadə müddəti bitmiş olduğu üçün utilizasiya edilib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul