Dünya “gör-götür” dünyasıdır.
İnkişaf üçün daim öyrənmək, problemləri görmək, dərk etmək və həll etmək lazımdır.
Bildiyimiz kimi bizim ETN nümayəndə heyəti Qazaxıstanda işgüzar səfərdədir. İki il öncə Qazaxstan ETN nümayəndə heyəti bizim ölkəmizdə səfərdə olmuşdu. Qazaxstanla elm, texnologiya, təhsil sahəsində əməkdaşlıq bizə çox şey verə bilər. Menecerlərimiz onların iş və düşüncə metodlarını, işə məsuliyyətli yanaşmalarını, sağlam kadr və maliyyə siyasətini öyrənə bilsələr. Onları bu sahələrdə ugurlu edən bir sıra məqamlar var.
Qazaxstan son 30 ildə bir çox sahələrdə (o cümlədən elm, təhsil və innovasiyalar sahəsində) xeyli inkişaf etmişdir. Düşünürük ki, belə əlaqələr ölkəmizin inkişafına təkan verə bilər, əgər bu təcrübədən düzgün faydalana bilsək.
Dünya gör-götür dünyasıdır. Biz belə əlaqələrdən faydalanaraq, inkişaf edən ölkələrdən öyrənməli, təcrübələrini ölkəmizdə tətbiq etməliyik.
Müəllim əsas simadır
Müəllim olmasa təhsil, təhsil olmasa elm, elm olmasa da innovasiya olmaz. Deməli milli inkişafda ən mühüm peşə müəllim peşəsidir. Qazaxstanda müəllimə yüksək dəyər verirlər (sözdə yox, əməldə). Onlar hesab edirlər ki, təhsildə əsas sima müəllimdir. Müəllimin fəaliyyəti keyfiyyətli olarsa, təhsil də, elm də, innovasiya olar. Qazaxıstanda yaxşı bilirlər ki, müəllimin keyfiyyətli peşə fəaliyyəti, onun keyfiyyətli yaşamından, peşəkar inkişafından asılıdır. Bu səbəblərdən Qazaxıstanda müəllim yüksək statusa malikdir.
Qazaxıstanda 2019-cu ildə “Müəllimin statusu haqqında” qanun qəbul edilib. Bu qanun müəllimlərin hüquqi vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi, peşə fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır. Bizdə də belə qanunun qəbul edilməsi milli inkişaf baxımından çox faydalı olardı.
Qazaxstan elm və təhsil sahəsində zəngin hüquqi- normativ baza yaratmış, təhsildəki proseslərin mütəmadi olaraq real monitorinqini aparırlar.
Qazaxların elm-təhsil sahəsində uğurlarının digər səbəbi onların elm- təhsil menecerlərinin öz fəaliyyətlərinə tənqidi yanaşmaları, ictimai nəzarətə və ictimai müzakirələrə açıq olmasıdır. Bizdə ölkə rəhbərliyi illər ərzində ictimai nəzarəti gücləndirməyi tələb etsə də, ETN menecerləri bu tələbin icrasını heç vaxt təmin etməyiblər. Əksinə, buna cəhd edən ekspertlərə də imkan vermirlər.
Qazaxstanın elm- təhsil sistemi ilə tanış olduqda, belə bir hesabata rast gəldik: “Qazaxstanın elm, təhsil və innovasiya (ETİ) sahələrində buraxılan səhvlərin təhlili”. Bizim elm-təhsil menecerləri öz peşə fəaliyyətində illər ərzində çoxsaylı səhvlər etsələr də, heç vaxt öz fəaliyyətlərinin təhlili, monitorinqi, səhvlərin aşkarlanması və korreksiyası haqqında düşünməmişlər. Bu onların əsas nöqsanıdır və səriştəsiziklərindən qaynaqlanır.
Təbii ki, belə primitiv yanaşma ilə elm-təhsil kimi mürəkkəb sistemləri idarəetmək çətindir. Bu illər ərzində elm-təhsil menecerlərimizin səhvləri daim artır. Onlar səhvlərinə qarşı biganəlik və məsuliyyətsizlik nümayiş etdirir, mətbuatda verilən siqnalları diqqətə almır, problemləri müzakirə etmək əvəzinə susqunluğa üstünlük verirlər. Səhvləri göstərənlərə də minnətdarlıq əvəzinə, çox vaxt əks reaksiya verirlər.
Qazaxstanlı menecerlərinin hazırladığı “Qazaxstanın elm, təhsil və innovasiya (ETİ) sahələrində buraxılan səhvlərin təhlili” adlı 40 səhifəlik hesabatda, mövcud səhvlər və çatışmazlırıar aşağıdakı kmi qruplaşdırıb:
1. ETİ sahəsində maliyyələşdirmənin yetərsizliyi. Elmi tədqiqatlara və inkişaf layihələrinə qoyulan investisiyaların həcmi azdır, bu da fundamental və tətbiqi tədqiqatların aparılmasını məhdudlaşdırır.
2. Elm və sənaye arasında zəif inteqrasiya. Elmi qurumlar və sənaye müəssisələri arasında effektiv əməkdaşlığın olmaması elmi nailiyyətlərin kommersiyalaşmasının və innovasiyaların istehsalata tətbiqinin aşağı səviyyədə qalmasına səbəb olur.
3. Şirkətlərin innovativ fəaliyyət səviyyəsinin aşağı olması. Bir çox qazaxstan şirkətləri innovasiyaların tətbiqinə maraq göstərmir, bu da texnoloji inkişafı və beynəlxalq bazarda rəqabət qabiliyyətini məhdudlaşdırır.
4. ETİ sahəsində kadr potensialının məhdudluğu. Elm, texnologiya və innovasiya sahəsində yüksək ixtisaslı mütəxəssislərin çatışmazlığı qabaqcıl texnologiyaların inkişafı və tətbiqini çətinləşdirir.
5. İnnovativ sahibkarlığa dövlət dəstəyinin yetərsizliyi. Mövcud innovativ layihə və startap dəstəkləmə mexanizmləri hər zaman effektiv olmur, bu da yüksək texnologiyalar sahəsində sahibkarlıq fəaliyyətinin inkişafını məhdudlaşdırır.
6. İnnovasiyaların inkişafı üçün zəif infrastruktur. Texnoparkların, inkubatorların və digər infrastruktur obyektlərinin az olması innovativ layihələrin inkişafı və dəstəklənməsi imkanlarını məhdudlaşdırır.
Qeyd edilən çatışmazlıqları aradan qaldırmaq üçün təqdim edilən sənəddə bu addımların atılması tövsiyyə olunur:
* Elmi tədqiqatların maliyyələşdirilməsinin gücləndirilməsi.
* Elm və sənaye arasında əməkdaşlığın inkişaf etdirilməsi.
* Kadr potensialının artırılması.
* İnnovativ sahibkarlıq üçün əlverişli şəraitin yaradılması.
Göründüyü kimi, ETİ sahəsində Qazaxstanın problemləri bizim problemlərimizə çox yaxındır. Bu problemlər keçid dövrünü yaşayan ölkələrin ümumi xarakterli çətinlikləri ilə əlaqədardır. Lakin Qazaxstanlı elm-təhsil menecerləri problemlərin üstünə gedir, mərhələlərlə onların həllinə nail olurlar.
Bizim elm-təhsil menecerləri isə problemləri görmək istəmir, onları ört basdır edirlər. Ona görə də inkişaf yoxdur.
Qazaxstanla bizim real inkişaf səviyyələrimiz fərqli olduğu üçün problemlərin ağırlığı da müxtəlifdir. Onlarda elm-təhsil- innovasiya üçbuçağının maliyyələşməsi bizdən dəfələrlə yüksək səviyyədədir, amma dünyadakı müasir inkişaf səviyyəsinə, yüksək rəqabət tələblərinə hələ də uyğun deyil.
Qazaxıstan öz qarşısında ambisiyalı məqsədlər qoyb: “Qazaxıstan-2050” Strategiyası çərçivəsində bu ölkə 2050-ci ilə qədər dünyanın ən inkişaf etmiş 30 ölkəsindən birinə çevrilməyi hədəfləyir (2010-cu ildə onlar bu hədəfə 2030-cu ildə çatmağı planlayırdılar, lakin sonralar strategiyada korreksiyalar etdilər).
“Qazaxıstan-2050″ strategiyasının əsas məqsədləri belə müəyyən edilib: güclü iqtisadiyyat və rəqabətqabiliyyətlilik, inkişaf etmiş sənaye və innovasiyalar, təhsil və elmi araşdırmaların gücləndirilməsi, yaşıl iqtisadiyyat və ekoloji davamlılıq, rəqəmsallaşma və texnoloji modernləşmə, güclü dövlət idarəçiliyi və hüquqi islahatlar, müasir sosial siyasət və vətəndaş rifahının artırılması.
Ölkədə qəbul edilmiş “Rəqəmsal Qazaxıstan – 2025” proqramı rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi, 5G infrastrukturu, rəqəmsal hökumət xidmətləri və İT sektorunun inkişafını təmin edib.
Bütün bu məqsədlərə çatmaq üçün təbii ki, ölkədə elm-təhsil-innovasiya sisteminin inkişafı zəruridir. Ölkənin təhsil sistemi, xüsusən də universitetləri bu hədəfə doğru əzmlə irəliləyirlər. Bir sözlə Qazaxıstan 2050-ci ilə qədər iqtisadiyyatı gücləndirmək, texnoloji yeniliklərə sərmayə yatırmaq və cəmiyyətin rifahını artırmaqla dünyanın inkişaf etmiş 30 ölkəsindən birinə çevrilməyi planlaşdırır. İnşaallah.
TDT üzvü kimi biz dost Qazaxstanın uğurlarına sevinirik. Bu hədəflərə çatmaq üçün onlar ölkənin ayrı-ayrı sahələrinin inkişafına məsul menecerləri çox diqqətlə seçir, fəaliyyətlərini sistematik monitorinq edir və səmərəli əlaqələndirirlər. Məsələn, Qazaxıstanın Elm-Təhsil naziri Siyasət Nurbek yüksək intellektə sahib ziyalıdır. O, 8 dil bilir, bir neçə transmilli korporasiyalarda, o cümlədən ABŞ-da məsul vəzifələrdə işləmiş, yüksək savadlı menecerdir. Komandası da elm və təhsil sahəsində səriştəli menecerlərdən ibarətdir. Təbii ki, uğurlu menecer seçimi və peşəkar komanda Qazaxıstanın ETN-nin fəaliyyətində özünü aydın göstərir.
Qazaxıstanın elm və təhsildəki uğurunun əsas səbəblərindən biri də onların ETN-də peşəkar komandanın olmasıdır.
Qazaxstan universitetlərinin büdcələri bizim universitetlərin büdcələrindən dəfələrlə çoxdur. Bizim ETN-dən fərqli olaraq Qazaxstan ETN hər il universitetlərə elm-təhsil problemlərinin həllinə yönəli minlərlə qrant ayırır.
Əksər universitetlər özləri də daxili qrant müsabiqələri təşkil edirlər. Bu ölkədə real fəaliyyət göstərən, universitetlərin büdcəsinə xeyli əlavə maliyyə vəsaiti gətirən onlarla texnoparklar vardır.
Bizim ETN isə universitetlərə hələ də qrant vermir, əksinə onlardan özünün yaratdığı fonda (TİF) maliyyə tələb edir, onları PHŞ elan edərək büdcə dəstəyindən məhrum edir. ETN təsadüfi adamlara verdiyi qrantların böyük qisminin isə elm və təhsilə heç bir aidiyyatı yoxdur.
Qazaxıstanda həm də xeyli tədqiqat universitetləri (TU) yaradılmış və uğurla fəaliyyət göstərirlər: “Nazarbayev Universiteti” (2010-cu ildə yaradılmış, müasir tədqiqat universitetidir), “Qazaxıstan-Britaniya Texniki Universiteti” (Texniki tədqiqatlar sahəsində ixtisaslaşmış universitetdir), “Al-Farabi adına Qazaxıstan Milli Universiteti” (ölkənin ən qədim və nüfuzlu tədqiqat universitetlərindəndir) v.s.
Keçən il Bakıda keçirilən təhsil sərgisində Qazaxıstanın 20-dən çox universiteti iştirak etmişdi.
Biz 2017-ci ildə tədqiqat universitetlərinin yaradılması haqqında meyarları müəyyən etsək də, hələ heç bir universitetimiz TU ola bilməyib. Belə getsə, yəqin ki, hələ yaxın 5-10 ildə olmayacaq da.
Bu müqayisələr göstərir ki, bizim menecerlər qazaxıstanlı həmkarlarından çox şey öyrənməli, ölkənin elm və təhsilini dirçəltməlidirlər, əks halda postneft dönəmində bizə çox çətin olacaqdır.
Dosent İlham Əhmədov









