“Real” TV-nin rəhbəri, tanınmış jurnalist Mir Şahin Ağayev uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlərə görə sərt tənqid edilən deputat Günay Ağamalının müdafiəsinə qalxıb.
Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan M.Ağayev G.Ağamalının fikirlərini bəyənməyənləri tənqid edib:
“Axı rəqəmsal platformaları bizə durmadan azad söz piştaxtası, fikir sərbəstliyi meydanı tək təqdim ediblər. Onda niyə Kamal Abdullanın-nəhəng Azərbaycan mütəfəkkirinin sözünün hülqumuna ayaq basırlar? Niyə Günay Ağamalının-ananın, qadının, millət vəkilinin səsini boğmağa, dediyinə peşiman etməyə çalışırlar? Üzümü şəbəkə naqqallarına tuturam:
Bura baxın, həpəndlər, əgər uşaq pulu sizə özünüzəbənzər güruh tikələri törətmək, Günay Ağamalının-Qadının, Ananın üzünə ağ olmağa qadir “canlılar” doğurmaq üçün lazımdırsa, ya aptekə gedin, ya da nisyə dəftərinə doğub-törəyin! Yaxud o pula törədəcəyiniz uşaqlar böyüyüb Kamal Abdullanı linç etməyə cumacaqsa, yaratmayın o zavallı potensial qaragüruhçu nəsli… Qoy uşaqlar sevgidən doğulsunlar, maliyyə sənədlərindən yox. Az olsunlar, amma sevgi balaları olsunlar! Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın. “Bəxtiyar” olmayacaqsınız!”.
Gülşən Rəsul









