Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi növbəti tenderinə yekun vurub. Tribuna.az xəbər verir ki, qurum bununla bağlı nəticələri açıqlayıb.
Məlum olub ki, Baş İdarə 1 ədəd sedan tipli avtomobil alacaq. Tenderin qalibi isə “AUTO AZƏRBAYCAN” MMC olub. FHN bir ədəd avtomobil üçün şirkətə 62 min 200 manat ödəyəcək.
Qeyd edək ki, Tribuna.az açıq mənbələr üzərindən araşdırma apararaq, maraqlı məqamları üzər çıxarıb. Məlum olub ki, bu ilin əvvəlindən indiyə qədər Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi 10 tender keçirib. Bu tenderlərdən 6-sı məhz avtomobil alınması ilə bağlı olub. Məsələn, 5 gün öncə sözügedən qurum “ALFA MOTORS COMPANY” MMC şirkətinə 421 min 400 manatlıq 6 ədəd yük maşını və Double cap qoşa sıralı pikap alıb.
İki ay öncə isə “TOYOTA ABŞERON CENTER” MMC ilə 2 ədəd hybrid və sadə benzin mühərrikli avtomobillər alınması prosesini həyata keçirib. Bunun üçün isə 231 min 670 manat ödəniş edib.
Amma porses bundan öncəyə qədər uzanıb. Araşdırma zamanı bəlli olub ki, FHN-in sözüegedən Baş İdarəsi “TOYOTA ABŞERON CENTER” MMC-dən iyun ayında daha 2 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri alıb. Bunun müqabilində isə 288 min 500 manat pul xərcləyib.
Paralel olaraq, may ayında “AZƏRMAŞ PARK” MMC-dən 4 ədəd sedan tipli avtomobilləri də satın alıb ki, bunun da dəyəri 98 min 400 manat təşkil edib.
Elə həmin ayın əvvəlində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi “AUTO AZƏRBAYCAN” MMC-dən 11 ədəd xidməti nəqliyyat vasitələri alıb. Bunun üçün isə 443 min 600 manat ödəniş edib.
Qeyd edək ki, Elə həmin ayın əvvəlində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi ümumilikdə, son 10 ayda 26 ədəd xidməti avtomobil alıb. Bu maşınların alınmasına isə 1 milyon 545 min 770 manat xərcələyib.
Maraqlıdır ki, sözügedən qurum ilboyu bu qədər xidməti avtomobili nə üçün alır? Bu idarənin maşın almaqdan başqa hər hansı bir fəaliyyəti mövcud deyilmi? Hər halda FHN-in mətbuat xidmətinin bununla bağlı məntiqli bir açıqlaması olacaq. Qarşı tərəfi dinləməyə hazırıq.
Fərda Uğur









