Bəzən bir cümlə uzun hesabatlardan daha təsirli olur. Bəzən isə susqunluq, heç bir söz deməmək ən sərt ittihama çevrilir. Professor Rafiq Əliyevin son müsahibəsində elm və təhsil sisteminin vəziyyəti barədə suala sükutla cavab verməsi məhz belə hadisələrdən biridir.
Bu sükut təsadüfi pauza deyil, dərin məna daşıyan ictimai mesaj idi. Paradoksal səslənsə də, həmin sükut minlərlə sözün ifadə edə bilmədiyini ifadə etdi. Çünki böhran həddinə çatmış sistemlər haqqında bəzən danışmaqdan daha çox susmaq danışır.
Siyasi fəlsəfədə sükut heç də passivlik kimi qiymətləndirilmir. Əksinə, bəzi hallarda sükut etirazın, ümidsizliyin və ya mənəvi məsuliyyət hissinin ən yüksək ifadəsidir. Professor Rafiq Əliyevin reaksiyası da məhz bu kontekstdə qiymətləndirilməlidir. O, təkcə bir alim kimi deyil, Azərbaycan elminin formalaşmasında mühüm xidmətləri olan ziyalı kimi sözlərin artıq təsir gücünü itirdiyi bir mühitə işarə etdi.
Azərbaycanda elm və təhsil sahəsində əsas problem tənqidlərin mövcudluğu deyil, tənqidlərə institusional reaksiyanın olmamasıdır. Hərçənd 6 il əvvəl təyin ediləndə nazir deyirdi ki, mənə məişət mövzuları lazım deyil, mənə problemlərdən danışın. Amma deyilən problemlərə, tənqidi yanaşmalara heç bir reaksiya olmadı (PR-dan başqa), problemlər isə aybaay artdı.
Müasir idarəetmədə inkişafın mühərriki tərif deyil, keyfiyyətli əks əlaqə sistemidir. Dünyanın qabaqcıl universitetləri və təhsil sistemləri məhz sərt tənqidlər hesabına inkişaf etmişdir. Azərbaycanda isə çox vaxt tənqid idarəetmə üçün inkişaf resursu deyil, siyasi və ya şəxsi narazılıq kimi qəbul edilir. Bu isə öyrənən (yəni, inkişşaf edən) təşkilat modelinin formalaşmasına imkan vermir.
Bu baxımdan ölkənin Baş nazirinin bir neçə ay əvvəl səsləndirdiyi “universitetlərimizin diplomu hətta qardaş Türkiyədə də tanınmır” fikri də ciddi bir siqnal idi. Bu ifadə təkcə diplomların hüquqi tanınmasından yox, bütövlükdə ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətindən xəbər verirdi. Əgər hökumətin ən yüksək icra strukturlarından biri belə narahatlıq ifadə edirsə, normal məntiqə görə bunun ardınca geniş təhlil, səbəblərin araşdırılması və ictimai fəaliyyət proqramı hazırlanmalı, hesabat verilməli idi. Lakin görünən odur ki, bu irad sistemli müzakirəyə çevrilmədi.
Eyni vəziyyət Dövlət İmtahan Mərkəzinin illik hesabatlarında da müşahidə olunur. Uzun illərdir hesabatlarda məktəb məzunlarının kurikulum proqramlarını tam mənimsəmədiyi, nəticələrin ciddi problemlər göstərdiyi qeyd edilir. Əgər doğrudan da məzunların əhəmiyyətli hissəsi tədris proqramlarını lazımi səviyyədə mənimsəyə bilmirsə, bu artıq təkcə məktəblərin deyil, bütövlükdə təhsil siyasətinin səmərəsini qiymətləndirməyi tələb edən strateji məsələdir. Problemin illərlə təkrarlanması isə göstərir ki, monitorinq mexanizmləri ilə idarəetmə qərarları arasında əlaqə kifayət qədər güclü deyil.
Müasir dövlət idarəçiliyində monitorinqin məqsədi hesabat hazırlamaq deyil, qərar qəbul etməkdir. Əgər monitorinqlər problemləri üzə çıxarır, lakin həmin problemlər təhsil siyasətinin dəyişməsinə səbəb olmursa, monitorinq öz funksiyasını itirir və formal prosedura çevrilir. Elmi idarəetmədə buna “ölçülən, lakin idarə olunmayan sistem” deyilir.
Professor Rafiq Əliyevin sükutu məhz bu ziddiyyəti simvolizə edir. O, sanki belə bir sual verir: “Əgər illərdir faktlar, beynəlxalq hesabatlar, daxili qiymətləndirmələr, yerli mütəxəssislər danışır və buna baxmayaraq heç bir dəyişiklik baş vermirsə, mən daha nə deyə bilərəm?”
Son illər beynəlxalq reytinqlər və müxtəlif qiymətləndirmələr də təhsil siyasətinin əsas göstəricilərindən birinə çevrilib. Lakin burada da ciddi metodoloji sayıqlıq tələb olunur. PISA, QS, THE və digər beynəlxalq qiymətləndirmələr faydalı analitik alətlərdir, lakin onlar məqsəd deyil, vasitədir. Reytinqlərdə manipulyasiyalarla müəyyən irəliləyiş real sistem dəyişikliyi demək deyil. Dünyada çoxsaylı tədqiqatlar göstərir ki, bəzi ölkələr reytinqlərə uyğunlaşmaq üçün statistik göstəriciləri optimallaşdırır, manipulyasiya edir, lakin fundamental problemlər həll olunmur. Buna “indikatorların fetişləşdirilməsi” və ya “Qudhart qanunu”nun təzahürü deyilir: göstərici məqsədə çevrildikdə, artıq yaxşı göstərici olmaqdan çıxır.
Azərbaycan təhsilində də məhz bu təhlükə hiss olunur. Əsas diqqət təhsilin mahiyyətindən çox, onun təqdimatına yönəlir. Kommunikasiya siyasəti islahat siyasətini əvəz etməyə başlayanda isə ictimai etimad zəifləyir. İctimaiyyət real dəyişiklik deyil, uğur narrativləri müşahidə edir.
Ali təhsildə qəbul ballarının aşağı salınması da ayrıca müzakirə mövzusu ola bilər. Əgər yüksək intellektual hazırlıq tələb edən mühəndislik ixtisaslarına minimal hazırlıq səviyyəsi ilə tələbə qəbul olunursa (20% mənimsəmə ilə) , sonrakı mərhələdə universitetlərin həmin boşluğu aradan qaldırması çox çətin olur. Bu zaman ali məktəblər üç seçim qarşısında qalırlar: ya akademik standartları aşağı salmalı, ya da yüksək kəsilmə faizi ilə üzləşməli, ya da maliyyə sıxıntıları keçirməlidirlər (bu halda təmir-tikintiyə pul az qalır). Hər üç variant təhsil sisteminin keyfiyyətinə mənfi təsir göstərir.
Burada əsas problem tələbələrin zəifliyi deyil, sistemin planlaşdırılmasındadır. Təhsil siyasəti yalnız əlçatanlığı artırmaqla məhdudlaşmamalıdır. Əlçatanlıq keyfiyyətlə tarazlaşdırılmalıdır. Əks halda diplomların sayı artır, lakin insan kapitalının keyfiyyəti yüksəlmir.
Müasir dünyada dövlətlərin rəqabət üstünlüyü intellektual kapitalın keyfiyyəti ilə müəyyən edilir. Süni intellekt, biotexnologiyalar, kvant hesablamaları və rəqəmsal iqtisadiyyat dövründə zəif təhsil sistemi milli təhlükəsizlik probleminə çevrilir. Çünki zəif universitetlər güclü elm yarada bilmir, güclü elm olmadan innovasiya formalaşmır, innovasiya olmadan isə yüksək məhsuldarlığa əsaslanan iqtisadiyyat qurmaq mümkün deyil. Bizim gələcəklə əlaqəli innovative inkişaf və rəqəmsal transformasiya planlarımız bu məsələlərin keyfiyyətli həllindən asılıdır.
Bu baxımdan professor Rafiq Əliyevin sükutu təkcə elm adamının emosional reaksiyası deyil, strateji xəbərdarlıq kimi qəbul edilməlidir. Bu xəbərdarlıq bir şəxsin deyil, bütöv elmi ictimaiyyətin narahatlığını ifadə edir. Onun əsas mesajı budur: problemləri gizlətmək onları həll etmir.
Azərbaycan elm və təhsil sisteminin hazırkı mərhələdə ən çox ehtiyac duyduğu məsələ növbəti PR kampaniyaları deyil, sübuta əsaslanan idarəetmə modelinə keçiddir. Bunun üçün müstəqil qiymətləndirmə institutları gücləndirilməli, universitetlərin akademik muxtariyyəti genişləndirilməli, elmi nəticələrə əsaslanan qərar qəbuletmə mexanizmləri yaradılmalı və ictimai tənqid dövlət idarəçiliyinin təbii elementi kimi qəbul edilməlidir.
Nəticə etibarilə, professor Rafiq Əliyevin sükutu Azərbaycan elm və təhsil tarixində adi müsahibə epizodu deyil. Bu sükut dərin simvolik hadisə kimi qiymətləndirilə bilər. Bu sükut göstərdi ki, bəzən ən ağır diaqnozu sözlər yox, sözsüzlük qoyur. Əgər bu sükut cəmiyyət və qərarvericilər üçün düşünmək, özünüqiymətləndirmə və islahat başlanğıcına çevrilərsə, onda onun əks-sədası təkcə emosional reaksiya deyil, milli intellektual dirçəlişin başlanğıcı ola bilər. Əks halda isə sükut yalnız bir alimin deyil, bütöv bir sistemin öz problemləri qarşısında susmasının simvolu kimi tarixdə qalacaq.
Dosent İlham Əhmədov









