“Aktyor Aslan Fətullayevin bağırsağında şiş aşkarlanıbmış. Onun Bakıda əməliyyat olunması nəzərdə tutulsa da, yaxınlarının qərarı ilə Rusiyaya aparılıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Bəstəboylar Teatrının rəhbəri, aktyor Natiq Fərzəliyev deyib.
O bildirib ki, Aslan Fətullayevin əməliyyatının Bakıda keçirilməsi planlaşdırılıb, lakin qardaşı buna razı olmayıb:
“Qardaşı icazə vermədi. Qardaşının biri Rusiyada yaşayır. İmkan vermədi, dedi ki, bilet almışam, gəl Rusiyaya. Aslanı sağ-salamat yola saldıq. Əməliyyat olundu, reanimasiyadan çıxmadı”.
Natiq Fərzəliyev aktyorun Lerikdə dəfn olunacağını bildirib. Onun sözlərinə görə, Sumqayıtda isə yas mərasimi keçiriləcək.
Teatr rəhbəri Aslan Fətullayevin rəhbərlik etdiyi kollektivlə əməkdaşlığından da danışıb:
“Aslan rəhbərlik etdiyim teatr yaranandan gəlib-gedirdi. Quruluş verdiyim “Aldanmış ər” tamaşasında Yorj Danden obrazı ilə çıxış edəcəkdi. Çox təəssüf… Onun yerinə başqa aktyoru işə götürdüm və ona ikinci dəfə kostyum tikildi. Yolunu gözlədik, hər gün qardaşı ilə telefonla danışırdıq. Bu, onun bizim teatrda ilk və sonuncu rolu oldu. Təəssüf ki, oynaya bilmədi”.










