Tribuna.az xəbər verir ki, Argentinada futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi tibbi sənədlərdə aşkarlanan səhvə görə bir həftəlik dayandırılıb.
Məlum olub ki, Maradonanın tibbi sənədlərində 2015-ci ilə aid analiz nəticələrindən istifadə edilib. Lakin həmin analizlər futbolçuya deyil, onun atası Dieqo Maradonaya məxsus olub. Ata və oğulun adlarının eyni olması sənədlərin qarışdırılmasına səbəb olub.
Səhv məhkəmə iclasının əvvəlində üzə çıxıb. Bundan sonra hakim iclası dayandıraraq sığorta şirkətindən və Maradonanın müalicə aldığı klinikadan onun tibbi kartı ilə bağlı bütün sənədləri tələb edib.
Maradonanın ölümü ilə bağlı işdə səkkiz tibb işçisi səhlənkarlıq nəticəsində ölümə səbəb olmaqda ittiham olunur. Onları 8 ildən 25 ilədək həbs cəzası gözləyir.
Araşdırma futbolçunun başından keçirdiyi əməliyyatdan sonra evdə müalicə aldığı dövrə fokuslanıb.
Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Onun ölümünə ağciyər ödeminə səbəb olan kəskin ürək çatışmazlığının səbəb olduğu bildirilir.
Məhkəmə prosesi tibbi sənədlərin yenidən araşdırılması üçün bir həftəlik təxirə salınıb.
İmran Kərimli









