Rusiya üçün Azov dənizi cəhənnəmə çevrilir

Rusiya üçün Azov dənizi cəhənnəmə çevrilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri son günlər Azov dənizində həyata keçirilən pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Rusiyanın 105 gəmisinin zərər gördüyünü açıqlayıb.

Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) məlumat verib.

Onun sözlərinə görə, son 8 gün ərzində Azov dənizində 105 gəmi vurulub. Təkcə ötən gecə ərzində isə 15 gəmi hücuma məruz qalıb. Bundan əlavə, Krımda yerləşən hava hücumundan müdafiə sistemlərinə aid iki radar və iki buraxılış qurğusunun da zərərsizləşdirildiyi bildirilir.

Məlumata görə, Ukrayna son aylarda Krıma gedən quru logistika marşrutlarına zərbələri artırdıqdan sonra Rusiya yarımadanın təminatını daha fəal şəkildə Azov dənizi üzərindən həyata keçirməyə başlayıb.

Hərbi analitik Yan Matveyev hesab edir ki, Ukrayna ötən ildən etibarən işğal olunmuş Krım, Donetsk və Zaporojye istiqamətlərində hava hücumundan müdafiə sistemlərinə ardıcıl zərbələr endirərək pilotsuz aparatların fəaliyyət imkanlarını genişləndirib. Bildirilir ki, Ukrayna orta mənzilli pilotsuz aparatların istehsalını artırıb və onların uçuş məsafəsini 370 kilometrə, döyüş başlığının çəkisini isə 200 kiloqrama qədər yüksəldib. Bu isə Azov dənizinin demək olar ki, bütün akvatoriyasını onların fəaliyyət zonasına daxil edir.

Rusiya hərbi bloqerləri isə Azov dənizində hərəkət edən yük gəmilərinin kifayət qədər mühafizə olunmadığını qeyd edirlər. Onların fikrincə, Novorossiyskə çəkilmiş Qara dəniz donanması gəmiləri bu marşrut üzrə müşayiət həyata keçirə bilmir, çünki özləri də Ukrayna pilotsuz aparatlarının hədəfinə çevrilə bilər.