Rusiya təyyarələri qızartma yağından istifadə olunan yanacaqla doldurulacaq

Rusiya təyyarələri qızartma yağından istifadə olunan yanacaqla doldurulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qızartma yağından hazırlanmış aviasiya yanacağı sınaqdan keçirilib. Tribuna.az xəbər verir ki,təcrübənin uğurla başa çatdığı barədə “Qazprom Neft” şirkəti məlumat yayıb. Şirkətin açıqlamasına görə, yeni məhsul mürəkkəb efirlər və yağ turşuları əsasında hazırlanıb. Tərkibə “Vkusno — i toçka” restoranlar şəbəkəsinin təmin etdiyi istifadə olunmuş qızartma yağı da daxildir.

SAF yanacağı stend şəraitində reaktiv mühərrikdə sınaqdan keçirilib. Testlər zamanı uçuşun bütün mərhələləri — qalxma, kruiz rejimi və eniş — modelləşdirilib. Texnologiya aviasiyada karbon izinin azaldılmasına yönəlib.

Şirkətin məlumatına görə, sınaqlar avadanlığın effektiv işlədiyini və adi aviasiya kerosini ilə müqayisədə ətraf mühitə təsirin azaldığını təsdiqləyib. Əldə edilən nəticələr SAF üçün sintetik komponentlərin milli standartının hazırlanmasında istifadə olunacaq.

“Qazprom Neft”in strategiya və dayanıqlı inkişaf departamentinin rəhbəri Denis Demin bildirib ki, dəniz gəmilərinin “yaşıl yanacaq”la doldurulması üzrə əldə olunan təcrübə SAF-ın aviasiyada tətbiqi üçün əsas olacaq. Layihə “Aeroflot” da daxil olmaqla nəqliyyat şirkətləri ilə birgə həyata keçirilir və sahə üzrə proqnozlara əsasən, istixana qazlarının emissiyasını 80 faizə qədər azaltmağa imkan verəcək.

“Vkusno — i toçka” restoranlar şəbəkəsi hər il təxminən 6 min ton qızartma yağını emal edir və bunun böyük hissəsi hazırda bioyanacaq istehsalına yönəldilir.

Bu arada, 2026-cı ilin yanvar ayından etibarən Rusiya aviaşirkətləri aviasiya kerosini üzrə dempfer subsidiyasından məhrum olub. Sankt-Peterburq Əmtəə Birjasının məlumatına görə, yanvar ayında yanacağın orta topdansatış qiyməti bir ton üçün təxminən 75,8 min rubl təşkil edib.

İmran Kərimli