Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayının arxasında yerləşən yataqxananın həyətində təhlükəli vəziyyət yaranıb. 31 dekabr tarixində güclü külək nəticəsində şam ağacı aşaraq yerə yıxılıb və bu günə qədər aidiyyəti qurumlar tərəfindən ərazidən götürülməyib.
Tribuna.az-a sakinlər tərəfindən bildirilən şikayətə əsasən, hadisədən dərhal sonra müvafiq kommunal və icra strukturlarına dəfələrlə müraciət edilsə də, heç bir tədbir görülməyib.
Aşıb qalan iri gövdəli ağac həyətin əsas hərəkət hissəsində yerləşir və bu, xüsusilə balaca uşaqlar üçün ciddi təhlükə mənbəyidir.
Fotolardan da göründüyü kimi, uşaqlar gündəlik olaraq bu ərazidəki köhnə parka oynayır. Ağacın hər an tam qoparaq hərəkət etməsi, budaqların sınması və ya avtomobillərə, insanlara zərər yetirməsi riski yüksəkdir.
Sakinlər aidiyyəti qurumların bu səhlənkarlığını qəbuledilməz hesab edir və bildirirlər ki, problem aradan qaldırılmadan hər hansı bədbəxt hadisənin baş verməsi qaçılmaz ola bilər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən, Sumqayıt Yaşıllaşdırma İdarəsindən və kommunal xidmətlərdən operativ reaksiya gözlənilir.
Dəniz Pənahova










