Psixopat deyəndə yalnız cinayət törədən və təhlükəli şəxslər ağıla gəlmir. Mütəxəssislərə görə bəzi insanlar cəmiyyət içində son dərəcə uğurlu, cazibədar və etibarlı görünür, eyni zamanda manipulyativ və empatiya hissindən məhrum davranışlar sərgiləyirlər. Xüsusilə iş həyatında və ya romantik münasibətlərdə ortaya çıxan bu xüsusiyyət ilk mərhələdə fərq edilməyə bilər.
Tribuna.az xəbər verir ki, psixopatlıq çox vaxt kənardan baxıldıqda asanlıqla başa düşülən xüsusiyyət deyil. Əksinə, psixopatik xüsusiyyətlər daşıyan bəzi insanlar son dərəcə sosial, uğurlu, yardımsevər və xarizmatik görüntü sərgiləyir. Xüsusilə iş dünyasında “korporativ psixopat” olaraq təyin olunan şəxslər; manipulyasiya, yalan, həddindən artıq özgüvən və empatiya əskikliyi kimi davranışlarla ətrafdakı insanları təsir altına ala bilərlər.
Ancaq vacib bir detal var: Bir insanın psixopat olub-olmadığı yalnız davranışlarına baxılaraq müəyyən edilə bilməz. Psixopatiya klinik diaqnoz olaraq tək başına qiymətləndirilmir; mütəxəssislər lazımi hallarda fərqli qiymətləndirmə vasitələrindən istifadə edə bilərlər.
İlk tanışlıqda həddindən artıq cazibədar ola bilərlər
Psixopatik xüsusiyyətlər daşıyan şəxslər ilk qarşılaşmada son dərəcə isti, maraqlı və yardımsevər görünə bilərlər. Qarşı tərəfin etibarını qazanmaq üçün onun davranışlarını və duyğularını təqlid edə bilərlər. Bu səbəbdən ilk təəssürat çox vaxt olduqca müsbət ola bilər, lakin zaman keçdikcə bu yaxınlığın qarşı tərəfi təsir etmək və ya öz məqsədləri istiqamətində yönləndirmək üçün istifadə edildiyi görülə bilər.
Empatiya qurmaqda çətinlik çəkə bilərlər
Diqqət yetirilməli olan digər bir xüsusiyyət isə empatiya əksikliyidir. Qarşı tərəfin yaşadıqları bir hadisənin onda necə bir duyğu yaradacağını başa düşməkdə çətinlik çəkə bilərlər. Etdikləri bir davranışın başqa bir insana necə təsir edəcəyini düşünmədən hərəkət etmələri münasibətlərdə ciddi problemlərə yol aça bilər. Üstəlik, etdikləri davranışların ardından günahkarlıq və ya peşmanlıq göstərməmələri də diqqət çəkə bilər.
Özlərini olduğundan daha vacib göstərə bilərlər
Bu şəxslər uğurlarını, qabiliyyətlərini və ya sahib olduqları gücü şişirdərək danışa bilərlər. Xüsusilə iş həyatında özlərini qurum üçün vazkeçilməz göstərməyə çalışa, verdikləri qərarların və ya gördükləri işlərin əhəmiyyətini olduğundan böyük göstərə bilərlər. Bəzən başqalarının fikirlərini mənimsəyərək bunları öz uğurları kimi təqdim etmələri də mümkündür.
Hər şeyi danışmırlar, lazım gəldikdə sirlərdən istifadə edirlər
Sirli davranmaq və məlumatı nəzarət altında saxlamaq da diqqət çəkən xüsusiyyətlərdən biri ola bilər. İş yoldaşları, rəhbərlər və ya qurum içindəki qərarlarla əlaqəli məlumatları yalnız işlərinə yaradığı zaman paylaşa bilərlər. Başqalarının şəxsi məlumatlarını və ya qurum içindəki sirləri isə qarşılarındakı insanı təsir etmək üçün istifadə edə bilərlər. Bu şəxslər zaman-zaman bir işçi haqqında başqalarına danışaraq kollektiv daxilində etvbarsızlıq və bölünmə yarada bilərlər.
Zəka və uğurlarını davamlı olaraq önə çəkə bilərlər
Psixopatik xüsusiyyətlərə malik şəxslərin hamısının yüksək zəkaya sahib olduğu düşüncəsi doğru deyil, lakin bəzi yüksək funksiyalı insanlar sosial bacarıqlarından və zəkalarından istifadə edərək iş həyatında sürətli şəkildə irəliləməyi bacarırlar. Xüsusilə güc sahibi olmağı, idarə etməyi və digər insanlar üzərində hakimiyyət qurmağı önəmsəyən şəxslər diqqət çəkə bilər. İş yerində zorakılıq və manipulyasiya kimi davranışlarla birgə görülə bilən bu xüsusiyyətlər kollektiv daxilində ciddi problemlərə səbəb ola bilər.
Yalan danışmaqdan çəkinmirlər
Davamlı və məqsədyönlü yalan danışmaq da diqqət yetirilməli olan davranışlardan biri olaraq göstərilir. Söylədikləri yalanlarla özlərini daha uğurlu, güclü və ya vacib göstərə bilər, qarşılarındakı insanları öz istədikləri istiqamətdə hərəkət etdirməyə çalışa bilərlər. Xüsusilə istədikləri nəticəni ala bilmədikdə daha əvvəl dəstəklədikləri adamı hədəf halına gətirmələri və onu ətrafa qarşı pis göstərməyə çalışıqları iş həyatında ciddi münaqişələrə yol aça bilər.
“Gaslighting” ilə insanı özündən şübhələndirə bilərlər
Manipulyasiyanın daha irəli ölçüsündə isə “gaslighting” olaraq bilinən davranış ortaya çıxa bilər. İnsanın yaşadıqları hadisələri sorğulamasına, öz yaddaşından şübhə etməsinə və yaşanan problemlərin məsulunun özü olduğuna inanmasına səbəb olan bu davranış xüsusilə yaxın münasibətlərdə yorucu ola bilər. Davamlı günahkar çıxarılmaq, edilənlərin inkar edilməsi və insanın öz qavrayışından şübhə etməyə başlaması bu cür manipulyasiyaların əlamətləri arasında qiymətləndirilə bilər.
Belə biri ilə qarşılaşdıqda nə etməli?
Mütəxəssis dəstəyi tələb edən hallarda ən vacib addım yaşananları tək başına həll etməyə çalışmamaqdır. Xüsusilə insan özünü davamlı olaraq günahkar, çarəsiz və ya başı qarışmış hiss edərsə, peşəkar dəstək almaq faydalı ola bilər. Yaşanan hadisələri mümkün qədər obyektiv qiymətləndirmək, vacib söhbətləri və hadisələri qeyd altında saxlamaq, güvənilən insanlarla ünsiyyət qurmaq və lazım gəldikdə sərhəd qoymaq da insanın özünü qorumağına kömək edə bilər.
İş yerində oxşar davranışlara məruz qalan digər işçilərin olması halında etibarlı şəxslərlə ünsiyyət qurmaq da əhəmiyyət daşıyır, lakin hər hansı bir insana “psixopat” etiketi yapışdırmaq əvəzinə, konkret davranışlara və yaşanan hadisələrə diqqət yetirmək lazımdır. Çünki psixopatik xüsusiyyətlər göstərdiyi düşünülən bir insanı yalnız bir neçə davranışından yola çıxaraq diaqnoz etmək mümkün deyil. Dəqiq qiymətləndirmə yalnız sahəsində mütəxəssis olan peşəkarlar tərəfindən aparıla bilər.
milli.az









