Qlobal patent fəallığının son reytinqlərində Azərbaycan patent fəallığına görə 102-ci yerdə qərarlaşıb. Bu region ölkələri arasında ən zəif nəticədir. Bu adi statistik geriləmə deyil, bu, ölkədə təhsil, elm, innovasiya, patent sisteminin struktur problemlərinin bir indikatorudur, kompleks problemlərin təzahürüdür.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə dosnet İlham Əhmədov çıxış edib. O bildirib ki, Patent göstəricisi proseslərin nəticəsi yox, simptomudur:
“Patent fəallığının zəif olması, intellektual sahənin sistemli böhranının indikatorudur. Patentlərin sayının azlığı birbaşa səbəb deyil, sistemin son məhsuludur. Patent yaradıcılığı aşağıdakı zəncirin nəticəsidir: təhsil+elm+tədqiqat +innovasiya+patent+iqtisadi dəyər. Bu zəncirin hər hansı halqası zəifdirsə, zəif nəticə qaçılmazdır. Azərbaycan reallığında isə problem təkcə son mərhələdə deyil, sistemin bütün halqaları zəifdir.
Təhsil sistemi innovasiyaların lokamotivi olmalıdır. Təhsilimizdə olan sistemli problemlər innovasiya yaradıcılına imkan vermir. E. Əmrullayevin “Təhsil olmasa, innovasiya olmaz” fikri bu kontekstdə tam doğrudur. Lakin məsələ, bütün digər nöqsanlar kimi, yalnız şüar səviyyəsində qalır. Heç bir real addım hiss edilmir. Bu təbiidir.
Təhsil sistemimiz əsasən əzbərçilik üzərində qurulub. Məktəb təhsilinin tamamən test üzərinə yüklənməsi öz acı nəticələrini göstərir. Məktəbin kölgə təhsili ilə əvəzlənməsi də burada öz mənfi rolunu oynayır. Keyfiyyətsiz məktəb təhsili isə gənclərdə tənqidi və yaradıcı düşünməni zəif inkişaf etdirir, mühəndislik və tətbiqi elmlərə maraq azalır. Belə təhsil sistemi innovator yox, sadəcə diplom sahibi yetişdirir.
Universitetlərimiz elmi tədqiqata yox, formallığa yönəlib. Universitetlərdə tədqiqatların maliyyələşməsi yox səviyyəsindədir, beynəlxalq standartlara uyğun müasir laboratoriyalar yoxdur, elmi nəticələrin tətbiqi real olaraq görünmür, elmi fəaliyyət iqtisadi sistemdən uzaq düşüb.
“Bu gün sirr deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun.” (Prezident İlham Əliyev).
İqtisadiyyatın elmi-tədqiqatlara marağı və sifarişi yoxdur. İnkişaf etmiş ölkələrdə biznes problem qoyur, universitet bu problemi həll edir, dövlət isə tədqiqatları maliyyələşdirir. Azərbaycanda isə iqtisadiyyat elmə tələb yaratmır, innovasiyalara təlabat yoxdur. Çünki, rəqabət olmayan yerdə, innovasiyalara tələbat və sifariş olmur. Belə şəraitdə elm mühit vakuumla əvəzlənir. Yəni, nə tələb var, nə maliyyə var, bu səbəbdən nə də təklif var”.
Dosent əlavə edib ki, hazırda universitetlərin milli inkişafda rolu hiss edilmir:
“Son 30 ili elm və təhsil sistemi üçün itirilmiş imkanlar epoxası adlandıra bilərik. Bu gün universitetlərimiz əsasən tədris funksiyası daşıyır, elmi- tədqiqat, innovasiya, patent yaradıcılığı gündəmdə deyil. Beynəlxalq təcrübədə “Universitet 3.0” , “Universitet 4.0”, “Universitet 5.0” qurulduğu halda, biz son 30 ildə “Universitet 2.0”-dan “Universitet 1.0”-a enmişik. Beynəlxalq təcrübədə universitetlər innovasiya mərkəzi olduğu halda, Azərbaycan reallığında universitetlər nə innovasiya, nə də patent istehsal edə bilmirlər.
Bu gün innovasiya və patent fəallığı yüksək olan ölkələrdə TRİZ texnologiyası çox geniş yayılıb. Bu texnologiya 20-ci əsrdə Bakıda yarandığı halda, haqsız olaraq öz vətənində unuduluib. TRİZ (yaradıcılıq problemlərinin həlli nəzəriyyəsi) bu gün Çin, ABŞ, Yaponiya, Cənubi Koreya, Almaniya, İsrail, İngiltərə v.s. ölkələrin təhsil sistemində tədris olunur, sənayedə geniş tətbiq edilir, innovasiyaların yaradılmasına dəstək verir, patentlərin artımına xidmət edir. Azərbaycanda isə bunun nə tədrisi, nə də heç bir tətbiqi yoxdur. Ölkəmizin akademik sistemi ilə sənaye mühiti arasında əlaqə yoxdur.
Elmin praktik nəticələri olmalıdır. AMEA-nın 80 illik yubileyində məruzə edən ölkə prezidenti İlham Əliyev bu haqda belə demişdir: ” Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər.” Təəssüf ki, hələlik bu məsələlərdə heç bir dəyişiklik hiss edilmir. Bu durum, sadəcə gerilik deyil, bu artıq strateji fürsətin itirilməsidir.
İdarəetmə problemi.
Əsas problem budur ki, bu sahədə olan problemlər müvafiq qurumlar tərəfindən (əsasən də ETN) tanınmır, etiraf edilmir. Etiraf edilməyən problemlər, həll təklifləri olmayan çətinliklər, mliyyəsi olmayan elm, yerində olmayan kadrlar illər ərzində öz mənfi təsirini göstərir. Bunlar bizim ən ciddi problemlərimizdir. Təbii ki, problemlər etiraf edilməli, gündəmə gəlməli və həll olunmalıdır. ETN səviyyəsində sistemli innovasiya siyasəti yoxdur, patent fəallığı prioritet deyil. Problemləri “görmədən”, ölçmədən, həll etmək mümkün deyil.
Postneft dövrü.
Postneft dövründə keyfiyyətsiz insan kapitalı və panetn yoxliuğu biliklər iqtisadiyyatına keçidimizə imkan verməyəcək. Bu reallığı gec də olsa, qəbul etməliyik.
“Təbii sərvətlər gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda ki, əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır.” (Prezident İlham Əliyev).
Azərbaycan üçün əsas çağırış “azalan neft gəlirlərindən sonra iqtisadi model necə olacaq?” sualına düzgün cavab tapmaqdır. Əgər elm zəifdirsə, innovasiya yoxdursa, patentlər yaranmırsa, onda iqtisadiyyat uzunmüddətli perspektivdə rəqabət qabiliyyətini itirəcək. Iqtisadiyyatı zəif olan dövlət isə güclü ola bilməz.
Problemlər sistemlidir.
Mövcud vəziyyəti belə ümumiləşdirmək olar ki, təhsilimiz innovasiya yönümlü deyil, elmimiz tətbiqdən uzaqdır, iqtisadiyyatımız elmə sifariş vermir, dövlət elm-təhsil-innovasiya-patent zəncirini zəif əlaqələndirir. Bu zəncirin hər bir həlqəsi bizim reallıqda “zəif həlqə”dir.
Bu elementlərin hər biri üzrə qlobal reytinqlərdə sondayıq. Bəzi işbazlar manipulyasiya yolu ilə universitetlərimizin qlobal reytinqlərdə yüksəlməsi görüntüsü yaratmağa cəhdlər etsələr də, necə deyərlər “kor-kor, gör-gör”. Belə cəhdlər, onsuz da kasıb olan, PHŞ edilmiş universitetlərimizin əlində olan az pulların da boşuna israfıdır.
Ölkədə az da olsa, müəyyən potensial var, amma hələ də sistem yoxdur. Bəli, hələlik az da olsa, müəyyən potensial var, o cümlədən maliyyə və elmi potensial var. Amma bu potensial tükənmək üzrədir. Sovet elmi məktəbinin yetişdirdiyi alimlər təqaüdə getdikdən sonra, bu sahədə ciddi intellektual boşluq yaranacaqdır. Patent reytinqində ölkəmizin 102-ci yerdə olması təsadüfi deyil. Bu, uzun illər formalaşmış sistem boşluğunun nəticəsidir.
Patentlər laboratoriyada yox, qurulmuş sistemlə yaranır. Əgər təhsil dəyişməzsə, elm iqtisadiyyatla birləşməzsə, innovasiya stimullaşdırılmazsa, onda bu göstərici daha da pisləşəcək. Nazirin “təhsil olmasa, innovasiya olmaz” tezisi doğrudur. Amma bu tezisə əlavə kimi, qeyd etmək lazımdır ki, ölkədə milli innovasiya siyasəti və milli innovasiya sistemi qurulmasa, heç təhsilin də bu işə faydası olmayacaq, patent fəallığı yenə də aşağı səviyyədə qalacaqdır”.
Nigar İxtiyarqızı










