Payızda ərzaq məhsulları ucuzlaşacaq? – AÇIQLAMA

Payızda ərzaq məhsulları ucuzlaşacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Payız ayları kənd təsərrüfatı sektorunda məhsul bolluğu və yığım mövsümü kimi xarakterizə olunur. Ölkə üzrə yerli istehsalın artması, bostan və bağ məhsullarının bazarlara kütləvi şəkildə çıxarılması fonunda alıcılar qiymətlərdə ucuzlaşma gözləyirlər. Lakin artan logistika və istehsal xərcləri, eləcə də idxaldan asılılıq bazardakı ümumi qiymət tənzimlənməsinə müəyyən suallar doğurur.

Bəs bu mövsümi bolluq market və bazarlardakı pərakəndə qiymətlərə necə təsir edəcək? Önümüzdəki aylarda ərzaq bazarında alıcıları hansı mənzərə gözləyir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, payız aylarında bir sıra kənd təsərrüfatı məhsullarının bazara daha böyük həcmdə daxil olması qiymətlərin aşağı düşməsi üçün real imkan yaradır:

“Xüsusilə pomidor, bibər, xiyar, kələm, kartof, soğan, alma, üzüm və digər mövsümi məhsullarda təklifin artması müəyyən ucuzlaşmaya səbəb ola bilər. Lakin bütün ərzaq məhsullarında eyni tendensiyanın baş verəcəyini gözləmək düzgün olmaz”.

Müsahibimiz vurğulayıb ki, qiymətlərin aşağı düşməsi üçün əsas şərt məhsul bolluğunun yaranması və istehsal xərclərinin kəskin artmamasıdır. Sediyinə görə, vu il fermerlərin gübrə, yanacaq, suvarma, əmək, qablaşdırma və daşınma xərcləri yüksəkdirsə, məhsul çox olsa belə, qiymətin ciddi şəkildə ucuzlaşması çətin ola bilər:

“Yəni bazarda bolluq yaranması avtomatik olaraq pərakəndə qiymətlərin eyni nisbətdə düşməsi demək deyil”.

 

Akif Nəsirli: Bazarda bolluq yaranması pərakəndə qiymətlərin düşməsi demək deyil

A.Nəsirli qeyd edib ki, payızda bəzi məhsullar üzrə mövsümi ucuzlaşma gözləmək mümkündür:

“Xüsusilə yerli istehsalın yüksək olduğu məhsullarda qiymətlərin yay aylarındakı səviyyə ilə müqayisədə aşağı düşməsi ehtimalı daha çoxdur. Əgər məhsulun ixracı da məhdudlaşarsa və daxili bazara böyük həcmdə məhsul yönələrsə, fermer və topdansatış qiymətlərində daha ciddi enmə baş verə bilər”.

Ümumilikdə ərzaq bazarında qarışıq mənzərənin gözlənildiyini vurğulayan ekspert əlavə edib ki, tərəvəz və meyvələrdə mövsümi bolluq müəyyən rahatlıq yaratsa da, ət, süd məhsulları, çörək və idxaldan asılı olan ərzaqlarda qiymətlərin aşağı düşməsi daha çətin görünür:

“Burada yem, enerji, logistika və idxal xərcləri əsas rol oynayır. Ona görə payızda ümumi ərzaq qiymətlərinin kəskin şəkildə ucuzlaşacağını gözləməkdənsə, ayrı-ayrı məhsullar üzrə mövsümi ucuzlaşmanın baş verməsi daha realdır. Əgər məhsul istehsalı yüksək, hava şəraiti əlverişli və bazara çıxış normal olarsa, xüsusilə meyvə-tərəvəz seqmentində istehlakçı üçün müəyyən qiymət rahatlığı yarana bilər. Amma bunun bütün ərzaq bazarına yayılması üçün təkcə bolluq deyil, istehsal və logistika xərclərinin də sabit qalması lazımdır”.