Nizami rayonunda təhlükəli tikinti: Yüksək gərginlikli xətlərin altında bina inşa edilir-VİDEO

Nizami rayonunda təhlükəli tikinti: Yüksək gərginlikli xətlərin altında bina inşa edilir-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara Qarayev metrostansiyasının bir addımlığında yerləşən Şirin Mirzəyev küçəsində yenə şıdırğı tikinti işləri aparılır.

Tribuna.az xəbər verir ki, Şirin Mirzəyev küçəsi 151 ünvanında, Nizami Telefon Qovşağının bir addımlığında, yüksək gərginlikli elektrik xəttinin altında çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanıb.
Hazırda tikinti işləri sürətlə davam edir. Üstəlik, ərazidəki yaşıllıqların da məhv edildiyi müşahidə olunur. Belə ki, küçəboyu ağacların illərdir kəsilərək, yerində bina və iaşə obyektlərinin tikildiyi də faktdır.
Qeyd edək ki, həmin ərazidən yüksək gərginlikli elektrik xəttinin keçməsi orada tikinti işlərinin aparılmasını qadağan edir. Qanuna əsasən həmin ərazilər yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası hesab edilir.
Lakin görünən odur ki, Nizami rayon İcra Hakimiyyəti və onun başçısı Coşqun Cəbrayılov, habelə Memarlıq və Arxitektura Dövlət Agentliyi üçün bunun hər hansı əhəmiyyəti yoxdur. Onların bu tikinti işlərini görməzdən gəlmələrinin səbəbi isə hələlik kimsəyə məlum deyil.
Bundan başaq, Fövqəladə Hallar Nazirliyi (FHN) və elektrik xətlərinə nəzarət edən “Azərişıq” da hər hansı əməli addım atmayıb. Halbuki yüksək gərginlikli elektrik xəttinin altında yüksəkmərtəbəli binanın inşaasına ilk olaraq onlar müdaxilə etməli idilər. Çünki bu, gələcəkdə orada yaşayan sakinlərin həyatları üçün təhlükə yaradacaq.
İndi isə əsas sual budur: Bu tikintiyə kimə və hansı əsasla icazə verib? Qadağan edilmiş ərazidə tikinti təhlükəsizlik normaları və qüvvədə olan qanunvericiliyin tələbləri necə əsaslandırılıb?
Məsələ ilə bağlı ilgili qurumların da mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur