“Qiymətləndirmədə iştirak edəcək məktəblər və şagirdlər müəyyən olunmuş proporsiyalar əsasında təsadüfi seçim yolu ilə müəyyənləşdirilir”.
Tribuna.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, proses İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və ölkələrin milli təhsil sistemlərinin xüsusiyyətləri nəzərə alınır.
Onun sözlərinə görə, əvvəlcə ölkədəki məktəblər və şagirdlər barədə ümumi məlumatlar təqdim olunur. Daha sonra təşkilat tərəfindən müxtəlif bölgələri və məktəb tiplərini əhatə edən təsadüfi seçim aparılır.
Emin Əmrullayev qeyd edib ki, seçim zamanı məktəblərin və şagirdlərin regionlar üzrə proporsiyası, o cümlədən Bakı, Lənkəran, kənd və digər yaşayış məntəqələri üzrə bölgü nəzərə alınır.
Nazir vurğulayıb ki, qiymətləndirmədə istifadə olunan suallar əvvəlcədən sınaqdan keçirilir və müxtəlif ölkələrdə eyni qaydada tətbiq olunur. İşlək olmayan və ya nəticələrə təsir göstərə biləcək suallar yekun qiymətləndirmədən çıxarılır.
O bildirib ki, yekun test təsadüfi seçim əsasında müəyyənləşdirilmiş məktəblərdə keçirilir və prosesin məlumatların toplanması mərhələsi də beynəlxalq tələblərə uyğun şəkildə aparılır.









