“ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsində (NASA) nə yadplanetli gəmilərinin qəzaya uğraması, nə də yerdənkənar canlıların ölümü ilə bağlı heç bir sənədli sübut yoxdur”.
Tribuna.az xəbər verir ki, bunu Vaşinqtonda təşkil olunan “CNBC CEO Council Summit” tədbirində NASA-nın rəhbəri Cared Ayzekman deyib.
Tədbir zamanı ona bəşəriyyətin gəlmələrlə təmasda olub-olmaması, habelə ABŞ rəhbərliyinin uçan naməlum obyektlərlə (UNO) əlaqədar hansı məlumatları açıqlayacağı barədə sual ünvanlanıb.
“Prezident bu layihəni bütün dövlət orqanlarında təşviq edir. O bildirib ki, qovluqlarınızı, bu məsələ ilə hətta ən kiçik bağlılığı olan hər şeyi bir araya gətirin və ictimaiyyətə təqdim edin ki, vətəndaşlar özləri nəticə çıxarsınlar. Zənnimcə, bu, həqiqətən də möhtəşəm bir addımdır. Ancaq mənim qəzaya düşən kosmik aparatlar və ya yadplanetli cəsədləri haqqında heç bir informasiyam yoxdur”, – deyə Ayzekman bildirib.
Kosmik agentliyin rəhbəri həmçinin vurğulayıb ki, onların qeydiyyata aldığı naməlum hava anomaliyaları haqqında sənədləri mövcuddur və bu materiallara əlçatanlığı təmin edirlər.









