MyGov-da müəmmalı qeydlər: Vətəndaşların adına saxta müayinə qeydlərini kimlər yazır?  – Foto

MyGov-da müəmmalı qeydlər: Vətəndaşların adına saxta müayinə qeydlərini kimlər yazır? – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in tabeliyində fəaliyyət göstərən bəzi dövlət tibb müəssisələrində vətəndaşların xəbəri olmadan onların adına analiz və tibbi xidmətlərin rəsmiləşdirilməsi ilə bağlı iddialar gündəmə gəlib.

Tribuna.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Rüfət Əliyev “MyGov” platformasında övladına məxsus tibbi məlumatları yoxlayarkən heç vaxt etdirmədiyi analizin sistemdə qeyd olunduğunu bildirib.
Onun sözlərinə görə, bu il ərzində oğlunu həkim müayinəsinə aparmasa da, sistemdə həkimdə olduqları göstərilir:
“MyGov-u incələyirdim. “Övladlarınızın analiz nəticələri” bölməsində Nihadın analiz nəticələri qarşıma çıxdı. Həmin tarixdə, ümumiyyətlə bu il Nihad üçün nəinki analiz, ümumiyyətlə xəstəxanaya aparmamışam”.
Paylaşımdan sonra çoxsaylı istifadəçilər də oxşar hallarla üzləşdiklərini iddia ediblər.
İstifadəçi Səcəddin Miriyev yazıb ki, nəzarət edilmədiyi üçün büdcədən bu yolla pul silirlər:
“Nəzarətsiz bir qurumdur. İşləri sadəcə dövlətin büdcəsini talamaqdır. Adi bir müayinə üçün müraciət edirsən, gəlib evdə baxırsan 50-60 xidmət siliblər”.

Digər istifadəçi Sona Adıgözəlova isə bildirib: “Mən də bir dəfə analiz vermişəm, 2 analiz idi, orada 4 yazıblar. Bir həkimə girmişəm, 2 yazıblar. Hər pasiyentə görə maaşları artır, özlərindən yazırlar”.

Pərvin Abdullayeva da oxşar problemlə qarşılaşdığını qeyd edib. O bildirib ki, sistemdə heç vaxt almadığı tibbi xidmətlər və diaqnozlar adına rəsmiləşdirilib.

Qeyd edək ki, vətəndaşların xəbəri olmadan elektron sistemdə tibbi xidmətlərin rəsmiləşdirilməsi təsdiqini tapacağı halda, bu, İcbari Tibbi Sığorta Fondundan həmin xidmətlərə görə dövlət vəsaitinin ödənilməsi, elektron tibbi məlumatların saxtalaşdırılması və vətəndaşın şəxsi tibbi tarixçəsinin yanlış formalaşdırılması kimi ciddi hüquqi və maliyyə məsələləri yarada bilər.

Məsələ ilə bağlı TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul