“Hizbullah” hərəkatının rəhbərliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qoşunlarının Livanın cənubundakı döyüşlərdə iştirak etmədiyini bildirib.
Tribuna.az-ın məlumatına görə, bu barədə “Hizbullahın” Siyasi Şurasının sədr müavini Mahmud Kummati bildirib.
Onun sözlərinə görə, “Hizbullah”ın döyüşçüləri Nəbatiyyə şəhəri yaxınlığındakı Əli əl-Tahir yüksəkliklərində mövqe tutur və İsrail qüvvələrinə müqavimət göstərir. M.Kummati vurğulayıb ki, Livanın cənubunda və ya qərbi Bekaa vadisində İran hərbçiləri yoxdur.
“Müqavimət güclü və qabiliyyətli olaraq qalır. Bizim seçimimiz İsrailin hücumuna müqavimət göstərmək və düşmənin məqsədlərinə çatmasının qarşısını almaqdır”, – o bildirib.
M.Kummati həmçinin Livan hakimiyyətinin qanunsuz silahlı qrupları tərksilah etmək planlarına qarşı çıxıb. Onun sözlərinə görə, Livan hökuməti atəşkəsə baxmayaraq, İsrailin müqavimət qüvvələrinə hücumlarını davam etdirməsinə icazə verib.









