Argentinalı hücumçu Lionel Messi və “İnter Mayami”nin qapıçısı Yan Frey MLS müntəzəm çempionatının “Filadelfiya Yunion”la matçda baş verənlərə görə (2:2) cərimələniblər.
Tribuna.az-ın xəbərinə görə, bu barədə ESPN nəşri məlumat verib.
Qeyd edilib ki, matç zamanı Messinin rəqib oyunçu Kavan Sallivanla arasında gərginlik yaşanıb, argentinalı ulduz rəqibin başına şillə vurub. Daha sonra Frey ilə Sallivan arasında insident baş verib, əlavə vaxtda isə Kavan Sallivan və Yannik Brayt dava salıb və bundan sonra hər ikisi qırmızı kart alaraq meydandan qovulublar.
Komissiya matçın epizodlarını nəzərdən keçirib. Kavan Sallivanın qırmızı vərəqəsi yekdilliklə ləğv edilib, Messi və Frey isə cərimələniblər. Sanksiyaların məbləği açıqlanmır.









