Azərbaycan vətəndaşı, təcrübəli səyahətçi Tatyana Dolivets Kamçatkada turist qrupu ilə birlikdə çətin vəziyyətdə qaldığını açıqlayıb və təcili kömək çağırışı edib.
Tribuna.az bildirir ki, bu barədə səyahətçi sosial şəbəkədə məlumat yayıb.
O qeyd edib ki, hazırda bir qrup turistlə Kamçatkanın Tapçibaşik ərazisində, “Kleşnya” düşərgəsindədirlər:
“Mən Tatyana Dolivets, Azərbaycan vətəndaşıyam, təcrübəli səyahətçi, dağçıyam. Səfər təcrübəmdə 69 ölkə var.
Biz bir qrup turistlə Kamçatkada, Tapçibaşikidə, “Kleşnya” düşərgəsində ilişib qalmışıq. Yol tamamilə yuyulub. Geri qayıtmalı olduğumuz 30 kilometrlik yol da su altında qalıb, çay məcrasından çıxıb və geri qayıtmaq artıq mümkün deyil.
Qrupda 16 nəfərik. “Ural” markalı avtomobildəyik. Bizdən başqa burada əsas yaşayış məntəqələrindən təcrid olunmuş təxminən 100 nəfər var. Ərzağımız cəmi bir günə çatacaq”.
Onun sözlərinə görə, düşərgədə müxtəlif ölkələrin vətəndaşları da var. Burada Çin, Belarus, İsrail və Rusiya vətəndaşlarının olduğu bildirilir.
Səyahətçi Azərbaycan tərəfdən hansı qurumlara müraciət edilməli olduğunu bilmədiyini və kömək göstərilməsi ilə bağlı ümidinin olub-olmadığını da qeyd edib.
“Məndə internet yoxdur. Mesajı göndərmək üçün xüsusi olaraq əlaqənin olduğu yeganə yerə getmişik”, – deyə o bildirib.
Tatyana Dolivets turizm sahəsində çalışan şəxslərə müraciət edərək Azərbaycanın aidiyyəti qurumlarının, o cümlədən səfirlik, turizm strukturları və FHN-in məsələyə müdaxilə imkanlarını araşdırmağı xahiş edib.
“Bəlkə turizm sahəsində çalışan həmkarlarından soruşa bilərsən: səfirliyin, Turizm Nazirliyinin, FHN-in və ya digər qurumların məsələyə müdaxilə etməsi mümkündürmü?! Məqsəd Rusiyanın FHN-inin mümkün qədər tez reaksiya verməsinə nail olmaqdır”, – deyə azərbaycanlı səyahətçi vurğulayıb.
İmran Kərimli










