Ukrayna ilə müharibə fonunda Rusiyada rituallarla bağlı xidmətlərin qiyməti rekord səviyyədə artıb. “Rosstat”ın məlumatlarına görə, son beş ildə qəbir qazdırma xərcləri rəsmi inflyasiyanı xeyli üstələyib və faktiki olaraq iki dəfə bahalaşıb.
Tribuna.az xəbər verir ki, 2020-ci ilin yanvarında ölkə üzrə orta hesabla bir qəbirin qazılması 6889 rubla başa gəlirdisə, 2025-ci ilin dekabrında bu rəqəm artıq 12 576 rubla çatıb.
Beləliklə, artım 82 faiz təşkil edib. Halbuki eyni dövrdə Rusiyada yığılan ümumi inflyasiya səviyyəsi 58 faiz olub.
Mütəxəssislərin fikrincə, rituallarla bağlı xidmətlərin kəskin bahalaşması əsasən 2022-ci ildən – Ukrayna müharibəsinin başlamasından sonra sürətlənib.
“Rossiyskaya qazeta”nın məlumatına görə, 2023-cü ilin ortalarına qədər bu sahədə qiymətlər 30–50 faiz artıb. 2025-ci ilin ilk yarısında isə bir dəfn mərasiminin orta xərci artıq 30,8 min rubl təşkil edib.
Bahalaşma fonunda rusiyalılar dəfn mərasimlərində qənaət etməyə məcbur qalırlar. Son illərdə kremasiyaya (yandırmaq) maraq xeyli artıb. Bu üsul adətən ənənəvi dəfn mərasimindən təxminən 7 min rubl daha ucuz başa gəlir. Hətta “kremasiya miqrasiyası” adlı yeni tendensiya yaranıb: insanlar ölən yaxınlarını daha ucuz xidmət göstərilən qonşu regionlara aparırlar.
Bununla yanaşı, karton tabutlara tələbat da sürətlə artır. “Ekonom” modellər bazarda təxminən 1200 rubla təklif olunur, taxta tabutların qiyməti isə minimum 7 min rubldan başlayır.
Qiymət artımına baxmayaraq, rituallar bazarı genişlənməyə davam edir. 2025-ci ilin ilk yarısında bu sahədə qeydiyyata alınan yeni şirkətlərin sayı əvvəlki illə müqayisədə 16 faiz artıb. Ən çox yeni rituallarla məşğul olan şirkətlər Moskva vilayətində və Krasnodar diyarında yaradılıb.
Ekspertlər hesab edir ki, qiymət artımının əsas səbəbi müharibə nəticəsində kütləvi hərbi dəfnlərin çoxalmasıdır. Hazırda rəsmi olaraq müharibədə həlak olanların sayı 163 min nəfəri ötüb. Onların təxminən 70 mini 2024-cü ildə ölüb. Bu, həmin ildə Rusiyada qeydə alınan ümumi ölüm hallarının 3,7 faizini təşkil edib. 2025-ci ildən etibarən isə “Rosstat” ölüm statistikasını dərc etmir.
İqtisadçı Vyaçeslav Şiryayev bildirir ki, rituallar bazarı faktiki olaraq monopoliyaya çevrilib:
“Bu sahədə real rəqabət yoxdur. Hətta tələb bir neçə faiz artsa belə, qiymətlər partlayış kimi yüksəlir. Çünki təklif süni şəkildə məhdudlaşdırılır”.
Mütəxəssislər əlavə edirlər ki, hərbçilərin ailələrinə verilən dövlət kompensasiyaları da bazarda bahalaşmanı sürətləndirir. Bu ailələr adətən daha bahalı xidmətlər seçir və bu, ümumi qiymət səviyyəsini yüksəldir. Digər ailələr də gördükləri mərasimləri təkrarlamağa çalışırlar.
Bundan başqa, hərbi dəfnlər ciddi hesabat tələb etdiyi üçün bazarda “leqallaşma” prosesi gedir. Əvvəllər nağd işləyən rituallar şirkətləri indi kassadan istifadə etməyə məcbur qalır, bu da xərclərin artmasına səbəb olur.
Nəticədə müharibə Rusiyada yalnız iqtisadiyyatı və sosial vəziyyəti deyil, ölüm və dəfn mədəniyyətini də bahalaşdırıb. Artan itkilər fonunda formalaşan bu yeni reallıq rituallar bazarını sürətlə böyüdür və əhali üçün son mənzil yolunu belə daha ağır maliyyə yükünə çevirir.
Musavat.com









