Vüsal Bağırlı
Çində koronovirus adlandırılan yeni bir infeksiya növü meydana gəlmişdir. Artıq, qonşu ölkələrə və bütün dünyaya yayılma təhlükəsi olan xəstəliyin bu ölkənin iqtisadiyyatına vurduğu ziyanın məbləği ölçüyəgəlməzdir.
Keçən həftədən etibarən Çin valyutası yuan sürətlə zəifləməyə üz qoymuş, ölkənin elektronika və sənaye malları istehsal edən şirkətlərinin (Sinopec, Alibaba Group, Evergande Group və sair ) aksiyaları kəskin aşağı düşmüşdür.
Rusiyada, Koreya, Türkiyə və digər ölkələrdə də həyəcan təbili çalınmaqdadır. Sərhədlər, gömrük məntəqələri nəzarətə götürülür, epidemiyanın qarşısını almaq üçün kütləvi profilaktik tədbirlər görülür.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun sürətlə yayılması səbəbindən qlobal fövqəladə vəziyyət elan etmişdir. Bununla belə, təşkilat səyahətlərə və ticarət əlaqələrinə məhdudiyyət qoyulmasını tövsiyə etməyib.
Bəli, ölkəmiz də bu məsələlərdən kənarda qalmır. Artıq, biz də ehtiyatlanmağa başlamışıq.
Bildiyiniz kimi, bir neçə il bundan əvvəl bizdə quş qripi xəbərdarlığı edildi. Sonra, donuz qripi yayılmağa başladı. İndi insanlarımız deyir, görəsən bu həngamələr nə olan şeydir? Görəsən virus xəbərdarlıqları həqiqi xəstəlikdirmi, yoxsa tibbi preparatların satışı üçün düşünülmüş biznes hiyləsidir?
Bu sualların cavabından yayınaraq, nəyin düz, nəyin şayiə olduğunu dəqiq bilmədən, dünən başıma gəlmiş mövzuya aid bir hadisəni sizlərə nəql etmək qərarına gəldim:
“Stansiyada dayanan və onsuz da dolu olan vaqona, bir-birlərinə yapışmış, kip sıxlaşmış kütləyə, yenə bir yığın insan da qoşuldu.
Gələnlər arasında, arıq, balacaboy burnu və qıyıq gözləri qızarmış bir kişi diqqəti cəlb edirdi. Hamı, sanki ondan kənarda durmağa cəhd göstərirdi.
O, aramsız olaraq burnunu çəkdikcə, tez-tez yaşaran gözlərini sildikcə, sərnişinlər diksinən kimi olurdular. Hamı ona şübhəli nəzərlərlə baxmağa başlamışdı.
Birdən kişi başını qaldırdı, dərindən nəfəs aldı, onun gözləri yumuldu, ağız geniş açıldı və “həpçi”. O, elə bir dəhşətli təkanla asqırdı ki, mən hətta qatarın azacıq silkələndiyini də hiss etdim.
Kişinin yanında dayanan insanlar iyrənmiş və qorxuya düşmüş halda kənara çəkildilər. Onsuz da dolu salonda qəribə mənzərə yaranmışdı. Kişinin ətrafı sıx meşəlikdəki tala sahə kimi seyrəlmişdi.
Sonra o, xırıltılı səslə öskürdü, silkinib bir də asqırdı. Özü də cüt səbir gətirdi. Adamlar dəhşətlə bir-birinə baxdılar.
Yaxınlıqda dayanmış və görünüşündən tələbəyə oxşayan oğlan qəflətən dilləndi:
Vay, ay camaat koronavirus. Qaçın canınınızı qurtarın.
Bu dəm, vaqon stansiyaya yetişmək üzrəykən, elə bil vaqona gürzə atdılar. Hamı səbirsiz bir təkanla dik atıldı və qapıya sarı cumdu.
Qatar sürətini yavaşıdıb, tədricən dayandı. Qapılar açılar-açılmaz səbirsiz, darqursaq izdiham özünü açılmaqda olan dar qapıya dürtdü. Qapının lap yanında dayanmışdım və özünü bayıra ata bilən xoşbəxtlərin cərgəsində mən də var idim.
Ayağım perronun döşəməsinə dəyər-dəyməz, dabana tüpürüb yüyürməyə başladım. Hayana, ha tərəfə getdiyimi bilmirdim, bir də baxdım ki, asta qaçan namərddir, deyib, hamıdan qabaqda gedirəm. Gedirəm yox e, uçuram…”









