Pakistanın vasitəçiliyi ilə aparılan ABŞ-İran danışıqlarının artıq heç bir işə yaramadığı üzə çıxıb.
Tribuna.az xəbər verir ki, dünəndən etibarən Hörmüz körfəzi ətrafında vəziyyət gərginləşib.
Gün ərzində ABŞ boğazda İrana məxsus hərbi gəmi və qayıqların vurulması üçün icazə verib. CENTCOM açıqlayıb ki, gəmilərin hərəkətinə mane olan istənilən hədəf məhv ediləcək. Bunun ardından isə ABŞ İrana məxsus 7 kateri məhv edib.
İran tərəfi də boş oturmayıb. Dünən səhər saatlarında SEPAH ABŞ hərbi gəmisinə iki raket atıb. Hərçənd Amerika tərəfi məlumatı təkzib edib. Lakin günün sonuna doğru, İran BƏƏ, İordaniya və Küveytə ballistik raket və PUA-larla hücum edib.
Bundan başqa, SEPAH xəbərdarlıq edib ki, Hörmüzə icazəsiz girən gəmilər məhv ediləcək. Eyni zamanda, İran Hörmüz boğazında yeni nəzarət zonasını elan edib. Belə ki, Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ilə bağlı yeni “nəzarət sərhədləri” müəyyənləşdirib. “Bundan sonra İran Silahlı Qüvvələri boğazda genişləndirilmiş dəniz zonasını özünün nəzarət və idarəçiliyi altında hesab edir”.
Müxtəlif mənbələrdən gələn xəbərlər də müharibənin uzaqda olmadığı deməyə əsas verir. Tribuna.az xəbər verir ki, dünən Trampa yaxın mənbə bildirib ki, “Azadlıq Layihəsi” İranla qarşıdurmaya səbəb ola biləcək bir prosesin başlanğıcıdır. “Ya tezliklə əldə edilə bilən bir razılaşmanın real çərçivələri ilə qarşılaşacağıq, ya da Tramp onları şiddətlə bombalayacaq”.
CNN isə açıqlama yayıb ki, BƏƏ növbəti 24 saat ərzində ABŞ və İsrailin İrana hücum edəcəyini gözləyir.
Fərda Uğur









