Ukrayna ordusunun Baş Qərargahı Rusiyanın cənubunda ən iri neft emalı zavodlarından birinə zərbə endirildiyini bildirib.
xəbər verir ki, Baş Qərargahın məlumatına görə, iyunun 2-nə keçən gecə Krasnodar diyarında İlsk Neft Emalı Zavodu vurulub və müəssisədə yanğın baş verib.
Baş Qərargah qeyd edib ki, zavod Rusiya ordusunun yanacaq təminatında mühüm rol oynayır.
Məlumatda mayın 31-də həyata keçirilən digər zərbələrin nəticələri də açıqlanıb. Bildirilib ki, “Neptun” qanadlı raketləri ilə Novoşaxtinsk Neft Emalı Zavodunda iki, Saratov Neft Emalı Zavodunda isə bir ilkin neft emalı qurğusu məhv edilib.
Ukrayna tərəfi həmçinin Krımda Vidnoye yaşayış məntəqəsində “Pantsir-S1” zenit-raket kompleksinin məhv edildiyini açıqlayıb. Mejvodnoye yaxınlığında isə Rusiya hərbi gəmisinin vurulduğu bildirilib.
Bundan başqa, Kirov vilayətində yerləşən “Lazaryevo” neft nəqli infrastrukturu obyektində iki böyük yanacaq rezervuarının və nasos stansiyalarının zədələndiyi qeyd olunub.
Ukrayna Baş Qərargahı Donetsk vilayətinin Şaxtarsk şəhərində pilotsuz uçuş aparatları anbarının, həmçinin Belqorod, Zaporojye və Xerson istiqamətlərində dron idarəetmə məntəqələrinin məhv edildiyini də açıqlayıb.
Açıqlamada Donetsk, Dnepropetrovsk və Kursk vilayətlərində Rusiyanın canlı qüvvə cəmləşmələrinin də hədəfə alındığı vurğulanıb.
Sənan Məmmədli









