Çeçenistan lideri Ramzan Kadırovun oğlu Əhməd Kadırov superbahalı “Graff” saatı taxır.
Tribuna.az xarici mediaya istinadla xəbər verir ki, saatın dəyəri təxminən 1,2 milyon dollar və ya təxminən 90 milyon rubldur.
Bu, Britaniya zərgərlik brendi “Graff”ın “MasterGraff” xəttindən olan bir modeldir. Təsvirə görə, saatın korpusu çəhrayı qızıldan hazırlanıb və ümumi çəkisi 36,46 karat olan 357 brilyantla bəzədilib. Saatın qayışı timsah dərisindən hazırlanıb.
Bu model artıq istehsalda və satışda deyil.
Əhməd Kadırovun bu saatı taxdığı şəkli dünən Çeçenistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Əlixan Sakayevin oğlu Əmirxan Sakayev tərəfindən onun İnstaqram hesabında paylaşılıb.
Çeçenistan müxalifət hərəkatı NIYSO iddia edir ki, foto həftəsonu Əhməd Kadırovun toyunda çəkilib.
Şənlik şənbə günü, onun babalarının kəndində qapalı qapılar arxasında baş tutub. Həmçinin atəşfəşanlıq da olub. NIYSO-nun bəyanatında deyilir ki, toydan şəkillər hələ heç yerdə dərc olunmayıb, yalnız Kadırovun ətrafındakı yaltaqlar tərəfindən çəkilmiş bir neçə foto paylaşılıb.
Əhməd Kadırovun 20 yaşı var. O, 2026-cı ilin yanvar ayından Çeçenistanın baş nazirinin müavini vəzifəsində çalışır. O, ilk dəfə 2023-cü ildə, 17 yaşında evlənib. Onun həyat yoldaşı Qroznı Şəhər Şurasının üzvü Nəsrudin Məhmətovun qızı Tamila Məhmətova olub. Həmin mərasim də gizli saxlanılıb.
Çeçenistan liderinin digər oğlu Adam Kadırovun üzərində bahalı saatlar əvvəllər də görsənirdi. 2025-ci ilin payızında, hələ yetkinlik yaşına çatmadığı zaman o, 40 milyon rubldan çox dəyəri olan “Jacob & Co Epic SF24” modelini taxırdı.
Musavat.com









