İran ABŞ və İsraillə qarşıdurmada “üçüncü mərhələyə” daxil olur.
Tribuna.az xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Kazem Qəribabadi bəyan edib.
Onun sözlərinə görə, birinci mərhələ 12 gün davam edən müharibə olub, ikinci mərhələ isə müharibənin başa çatmasından cəmi yeddi ay sonra baş verən iğtişaşlarla xarakterizə olunub. XİN başçısının müavini iddia edir ki, hazırda İran ətrafında cərəyan edən hadisələr münaqişənin növbəti mərhələsinin başlanğıcıdır.
“Rəqibin taktikası dəyişib, lakin nəticə eyni qalacaq — onlar məğlub olacaqlar”, — deyə Qəribabadi bildirib və əlavə edib ki, İran hətta məhdud zərbəyə belə cavab verəcək.
Bu arada sosial şəbəkələrdə Yaxın Şərq ölkələrindən azı on hökumət təyyarəsinin havaya qalxması ilə bağlı məlumatlar yayılıb. Bu isə diplomatların mümkün təxliyəsinə işarə edə bilər.
İmran Kərimli









