Hollivud aktyoru Riçard Gir Rusiya təbliğatını kəskin tənqid edərək bildirib ki, Kreml öz təcavüzünə haqq qazandırmaq üçün tarixi yenidən yazmağa çalışır.
Tribuna.az xəbər verir ki, aktyor bu fikirləri LTV Ziņu dienests-ə müsahibəsində səsləndirib. O vurğulayıb ki, istənilən avtoritar rejim legitimlik qazanmaq üçün tarixi faktları təhrif etməyə çalışır. Girdən sözlərinə görə, Ukrayna dövlətinin, dilinin və mədəniyyətinin mövcudluğunu inkar etmək Vladimir Putinin siyasətinin əsas alətlərindən biridir.
“Legitimlik əldə etmək üçün tarixi yenidən yazmağa çalışırsınız. Putin açıq şəkildə deyir ki, guya Ukrayna heç vaxt mövcud olmayıb, ukrayna dili və mədəniyyəti olmayıb. Bu isə doğru deyil”, – deyə aktyor bildirib.
Riçard Gir Rusiyanın bu siyasətini Çinin Tibetdə həyata keçirdiyi siyasətlə müqayisə edib. Onun sözlərinə görə, Çin də uzun illər Tibetin tarixini, dilini və mədəniyyətini inkar etməyə çalışıb.
“Məhz çinlilər Tibetdə bunu etdilər. Onlar dedilər ki, guya Tibet, tibet dili və tibet mədəniyyəti heç vaxt mövcud olmayıb. Özünüzə legitimlik yaratmaq üçün tarixi məhv etməyə çalışırsınız”, – deyə aktyor əlavə edib.
Qeyd edək ki, Riçard Gir Rusiya-Ukrayna müharibəsi başlayandan bəri dəfələrlə Ukraynaya dəstəyini ifadə edib. O, Birinci Xanımlar və Cənabların Sammitində çıxışı zamanı Rusiyaya qarşı mübarizəni “şərə qarşı müharibə” adlandırıb və dünyanın bu müharibədən yorulmamalı olduğunu bildirib.
Aktyor həmçinin özünün “Jaguar” markalı avtomobilini sataraq əldə etdiyi vəsaiti ukraynalı qaçqınlara yardım göstərən təşkilatlara ianə edib. Bundan başqa, o, Nyu-Yorkdakı Carnegie Hall-da Ukraynaya dəstək məqsədilə keçirilən xeyriyyə gecəsinin aparıcısı olub.
İmran Kərimli









