Türkiyəli müğənni və AHBAP Dərnəyinin rəhbəri Haluk Levent barəsində aparılan istintaq çərçivəsində səsləndirilən iddialarla bağlı ilk dəfə açıqlama verib.
Tribuna.az xəbər verir ki, sənətçi əməliyyatın vaxtına diqqət çəkərək bildirib ki, proses üç gün gec keçirilsəydi, bütün prosedurlar qanuni şəkildə tamamlanacaqdı.
“Əməliyyat 3 gün sonra keçirilsəydi, bunların heç biri yaşanmayacaqdı. Daşınmaz əmlakın qeydiyyatı zamanı bəzi prosedur pozuntuları olduğu üçün əməliyyatlar başa çatdırıla bilmədi”, – deyə Haluk Levent bildirib.
Müğənni həmçinin qeyd edib ki, bank sistemindəki məhdudiyyətlər səbəbindən bəzi əməliyyatları digər şəxslərin bank hesabları vasitəsilə həyata keçirmək məcburiyyətində qalıb.
“Sabiq qeydlərim (sicilim) problemli olduğu üçün başqa şəxslərin bank hesablarından istifadə etməyə məcbur oldum. Buna prosedur pozuntusu deyə bilərsiniz, amma ‘korrupsiya edib’ deyə bilməzsiniz”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Haluk Levent barəsində aparılan araşdırma daşınmaz əmlak alqı-satqısı və maliyyə əməliyyatları zamanı yol verilmiş iddia olunan qanun pozuntuları ilə bağlıdır. Müğənni isə irəli sürülən korrupsiya ittihamlarını qəti şəkildə rədd edir.
Gülşən Rəsul









