Tribuna.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin alimləri acı qidaların insanın daha az yeməsinə səbəb ola biləcəyini müəyyən ediblər.
Tədqiqatçılar bununla bağlı 130 yetkin insanın iştirakı ilə üç ayrı təcrübə keçiriblər. İştirakçılara çili ilə hazırlanmış mal əti və “tikkan masala” toyuğu həm daha yumşaq, həm də daha acı variantlarda təqdim olunub.
Alimlər yemək zamanı iştirakçıların nə qədər sürətlə yediklərini, yeməyə sərf etdikləri vaxtı və qəbul etdikləri qidanın miqdarını ölçüblər.
Nəticələr maraqlı olub. Daha acı çili ilə hazırlanmış mal əti yeyənlər yumşaq variantı qəbul edənlərlə müqayisədə 11 faiz daha az qida yeyiblər. Bu, təxminən 46 qram fərq deməkdir. Eyni zamanda onların yemək sürəti də azalıb.
“Tikkan masala” ilə aparılan təcrübədə isə nəticə daha nəzərəçarpan olub. Yeməyə əlavə edilən çilinin miqdarı artırıldıqda iştirakçılar 18 faiz daha az qida qəbul edib, yemək sürətləri isə 17 faiz azalıb.
Səbəb nədir?
Alimlərin fikrincə, əsas səbəb çili bibərində olan kapsaisin maddəsinin yaratdığı yanma hissidir.
Acı dad insanı yeməyi daha yavaş qəbul etməyə vadar edə bilər. Əvvəlki araşdırmalar da yavaş yeməyin daha az qida qəbul etmə ilə əlaqəli olduğunu göstərib.
Tədqiqat zamanı iştirakçıların əhəmiyyətli dərəcədə daha çox su içmədiyi də müəyyənləşdirilib. Bu isə onların daha az yeməsini yalnız mədənin daha tez dolması ilə izah etməyə imkan vermir.
Bəs çili həqiqətən arıqladır?
Tədqiqatın müəllifləri vurğulayıblar ki, əldə olunan nəticələr çili bibərinin birbaşa arıqlama vasitəsi olduğunu sübut etmir.
Bununla belə, çilinin yeməklərə əlavə edilməsi yemək sürətini azaltmaqla porsiyalara nəzarət etməyə kömək edə bilər. Lakin alimlər yalnız acı qidalara güvənərək arıqlamağın mümkün olduğunu söyləmirlər.
Yəni çili bibəri pəhrizin bir hissəsi kimi faydalı ola bilər, amma onu arıqladan möcüzəvi vasitə hesab etmək düzgün deyil.
İmran Kərimli









