“Ferrum Capital”dan şikayət: Müştərilərinin qohumlarını narahat edir-VİDEO

“Ferrum Capital”dan şikayət: Müştərilərinin qohumlarını narahat edir-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ferrum Capital” şirkətinin ona borclu olan vətəndaşa görə həmin şəxsin qohumlarını narahat etməsi narazılıq yaradıb.

Tribuna.az xəbər verir ki, Sənanə adlı xanım məsələ ilə bağlı sosial şəbəkə hesabında video paylaşaraq yaşadığı hadisədən danışıb.

Şikayətçinin sözlərinə görə, səhər saatlarında ona zəng edilib və qohumunun tanışının kredit borcu ilə bağlı məlumat verilib. O, həmin şəxsi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını bildirsə də, borclu şəxslə və ya digər qohumları ilə əlaqə saxlaması tələb olunub.

Sənanə xanım telefon nömrəsinin onun razılığı olmadan kredit borcu ilə bağlı əlaqə üçün necə əldə edildiyini də sorğulayıb.
İddiasına görə, danışıq zamanı şirkət əməkdaşı onunla yüksək səslə danışıb, sözünü kəsib və daha sonra telefon əlaqəsini sonlandırıb.

Şikayətçi məsələ ilə bağlı şirkətə yenidən müraciət etdiyini və bu zaman ondan başqa şəxsə aid FİN kodunun tələb olunduğunu bildirib.

O, buna etiraz etdikdən sonra zəng edilən telefon nömrəsini təqdim edib. Xanımın sözlərinə görə, müraciətinin araşdırılması üçün aidiyyəti üzrə yönləndirildiyi bildirilib.

Qeyd edək ki, paylaşımda hadisə ilə bağlı telefon danışığının əks olunduğu video da təqdim edilib.

Qeyd edək ki, Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olan “Ferrum Kapital” QSC 2017-ci il sentyabrın 19-dan fəaliyyətə başlayıb.

QSC “AGA Group” şirkətlər qrupu ailəsinin bir üzvüdür.

Gülşən Rəsul