İki ildir təmirə bağlanan Respublika İncəsənət Gimnaziyası hələ də açılmayıb.
Tribuna.az xəbər verir ki, bu barədə valideynlər “Qafqazinfo”ya müraciət edib.
Onlar bildirib ki, yeni tədris ilindən Gimnaziyanın açılacağı barədə məlumat verilsə də, bu baş tutmayıb: “Bizə dedilər ki, təmir işləri başa çatır və bina istifadəyə hazırdır. Yəni bu tədris ilindən təhsil müəssisəsi artıq açılmalı idi. Lakin bir aya yaxındır övladlarımız distant formada təhsil alır. Bu formatdan artıq narazıyıq. Çünki dərslər qısa davam edir, keyfiyyətli olmur və uşaqlarda boşluqların yaranmasına gətirib çıxarır. İstəyirik ki, gimnaziyanın açılacağı tarix barədə bizə konkret məlumat verilsin”.
Qeyd edək ki, Respublika İncəsənət Gimnaziyası 2024-cü ildə əsaslı təmirə bağlanıb. Ötən il Gimnaziyada dərslərin bu tədris ilindən ənənəvi formada başlayacağı ilə bağlı məlumat yayılmışdı.









