Bakı Funikulyoru ayrıca xidmət deyil, ictimai nəqliyyat şəbəkəsinin bir hissəsi olmalıdır.

Tribuna.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. O bildirib ki, cəmi 455 metr məsafəni təxminən 2 dəqiqəyə qət edən Bakı Funikulyoru 15 dəqiqəlik intervalla işləyir və bir gediş 1 manatdır:
“Lakin məsələ təkcə qiymətdə deyil, bu nəqliyyat vasitəsinin şəhərin ümumi mobillik sistemindən kənarda qalmasındadır.
Müqayisə üçün: Bakı metrosunda 40,7 km-lik şəbəkə üzrə bir gediş 60 qəpik, 42 km-lik Bakı–Sumqayıt qatarında isə 1,20 manatdır. Belə olan halda, funikulyorda 455 metrlik məsafəyə görə 1 manatlıq tarifin hansı iqtisadi və ya tarif əsaslandırmasına söykəndiyi sual doğurur.
Digər problem iş rejimidir. Funikulyor hazırda saat 10:00-dan 20:00-dək işləyir, üstəlik, nahar fasiləsində bir saat fəaliyyətini dayandırır. Müasir ictimai nəqliyyatın məntiqi isə sərnişinə uyğunlaşmaqdır, onu nəqliyyatın iş saatlarına uyğunlaşmağa məcbur etmək deyil”.
Ekspert iş qrafiki ilə bağlı təklif də irəli sürüb:
“Təkliflərim:
– İş saatlarının 06:00–00:00 aralığına qədər genişləndirilməsi;
– 15 dəqiqəlik intervalın sərnişin tələbatına uyğun optimallaşdırılması;
– Tarifin ümumi ictimai nəqliyyat sistemi ilə uzlaşdırılması və vahid ödəniş sisteminə inteqrasiya;
– Funikulyorun gələcəkdə tətbiq ediləcək brutto müqavilələr çərçivəsində vahid şəbəkənin tərkib hissəsi kimi nəzərdən keçirilməsi.
Funikulyor Bulvarı şəhərin yuxarı hissəsi ilə, həmçinin Şəhidlər xiyabanı istiqamətində hərəkətlə əlaqələndirən mühüm nəqliyyat vasitəsidir. Onun potensialı yalnız turistik attraksion kimi deyil, gündəlik sərnişindaşımaya xidmət edən nəqliyyat infrastrukturu kimi qiymətləndirilməlidir.
Şəhər nəqliyyatında əsas prinsip sadədir: nəqliyyat növləri ayrı-ayrılıqda deyil, vahid sistem kimi işləməlidir”.
Gülşən Rəsul












