Avstriyada suriyalı və əfqan miqrantların Ukraynaya göndərilməsi təklif olunur

Avstriyada suriyalı və əfqan miqrantların Ukraynaya göndərilməsi təklif olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyada miqrasiya siyasəti ilə bağlı mübahisəli təklif irəli sürülüb. Avstriya Azadlıq Partiyasının (FPÖ) lideri Herbert Kickl mənşə ölkələrinə deportasiyası mümkün olmayan suriyalı və əfqan miqrantların müharibə başa çatdıqdan sonra Ukraynaya göndərilməsini təklif edib.

Tribuna.az xəbər verir ki, siyasətçi bu fikirləri Avstriyanın “Heute” nəşrinə müsahibəsində səsləndirib.

Kicklin sözlərinə görə, Avropa İttifaqı Ukraynaya yüz milyardlarla avro maliyyə yardımı ayırıb. Avstriyanın bu dəstəkdə payının 3,6 milyard avro olduğunu iddia edən siyasətçi hesab edir ki, müharibə başa çatdıqdan sonra Ukrayna deportasiyası mümkün olmayan miqrantları qəbul edə bilər.

O, bu təklifin Ukrayna üçün də faydalı ola biləcəyini iddia edib. Onun fikrincə, Suriyadan və Əfqanıstandan olan miqrantlar müharibədən sonra ölkənin bərpası prosesində iştirak edə bilərlər. Kickl Ruandaya minlərlə kilometr məsafəyə deportasiya təşkil etməkdənsə, insanların Ukraynaya qatar və ya avtobusla göndərilməsinin daha asan olacağını bildirib.

Jurnalistin miqrantların Ukraynada qalmaq istəməyəcəkləri halda nə baş verəcəyi ilə bağlı sualına siyasətçi onların başqa ölkəyə gedə biləcəyini, lakin Avstriyaya qayıda bilməyəcəklərini söyləyib.

Kickl Avstriyanın miqrasiya siyasətini də tənqid edib. O, açıqlamasında müəyyən dövr ərzində cəmi 50 suriyalı və 150 əfqan vətəndaşının deportasiya edildiyini, eyni zamanda bu iki ölkənin vətəndaşları tərəfindən 2 min yeni sığınacaq müraciətinin verildiyini iddia edib.

Təklif Avstriyada siyasi mübahisəyə səbəb olub. Müxalifətdəki NEOS partiyasının nümayəndəsi Yannick Shetty bu ideyanı tənqid edərək, insanların müharibə şəraitində olan xarici ölkəyə göndərilməsinin hüquqi baxımdan mümkün olmadığını bildirib. Digər siyasi qüvvələr də təklifə etiraz ediblər.

İmran Kərimli