Regionlarda  növbəti suvarma mövsümə hazırlıq və təhlükəsizlik tədbirləri davam etdirilir

Regionlarda növbəti suvarma mövsümə hazırlıq və təhlükəsizlik tədbirləri davam etdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə ərazisində növbəti suvarma mövsümünə hazırlıq, eləcə də sel və daşqın təhlükələrinin qarşısının alınması məqsədilə kompleks meliorativ və mühəndis-texniki tədbirlər həyata keçirilir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya QSC-nin bütün yerli su təsərrüfatı idarələri tərəfindən suvarma kanallarının və arxların lildən, lvə kol-kosdan təmizlənməsi, çay məcralarının tənzimlənməsi, sahilbərkitmə və mühafizə bəndlərinin möhkəmləndirilməsi istiqamətində işlər aparılır.

Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən Tribuna.az-a verilən məlumata görə həyata keçirilən tədbirlər suvarma infrastrukturunun suötürmə qabiliyyətinin artırılmasına, su ehtiyatlarından daha səmərəli istifadəyə, əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına, eyni zamanda, çaylarda suyun təhlükəsiz axınının təmin edilməsinə və yaşayış məntəqələrinin, kənd təsərrüfatı torpaqlarının sel və daşqın risklərindən qorunmasına xidmət edir.

“Bu istiqamətdə görülən işlər mövsümi xarakter daşımır, su təsərrüfatı infrastrukturunun dayanıqlığının artırılması və ölkənin aqrar potensialının qorunması baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Regional Su Meliorasiya QSC tərəfindən tədbirlər müəyyən edilmiş iş planına uyğun olaraq regionlar üzrə davam etdirilir” deyə, açıqlamada qeyd olunur.