ABŞ İran limanlarının blokadasını yarmağa çalışan gəmini vurub

ABŞ İran limanlarının blokadasını yarmağa çalışan gəmini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, ABŞ hərbçiləri İran limanlarına tətbiq edilən dəniz blokadasını yarmağa çalışan ticarət gəmisini Oman körfəzində vuraraq hərəkətsiz vəziyyətə salıblar.

“Reuters” agentliyinin noyabrın 27-də yaydığı məlumata görə, hadisə noyabrın 26-da baş verib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına əsasən, Palau bayrağı altında üzən “M/V Pacific Archer” adlı gəmi İranın Bəndər-Abbas limanından ayrıldıqdan sonra Amerikanın dəniz blokadasından keçməyə cəhd edib.

ABŞ hərbi təyyarəsi gəminin arxa hissəsinə dəqiq zərbə endirən sursatlardan istifadə edib. Nəticədə gəminin hərəkət sistemi sıradan çıxıb. ABŞ tərəfi mülki heyət üzvlərinin xəsarət almadığını bildirib.

CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri blokada çərçivəsində indiyədək 158 ticarət gəmisini geri istiqamətləndirib, tələblərə tabe olmayan altı gəmini isə hərəkətsiz vəziyyətə salıb.

Hadisədən sonra İranda ABŞ-ın blokadasına qarşı sərt bəyanatlar səsləndirilib. İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Möxbər Tehranın embarqonu yarmağa çalışacağını və Hörmüz boğazının açılmasına imkan verməyəcəyini bildirib.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani də ölkəsinin blokadanı yarmaq istiqamətində fəaliyyət göstərdiyini, limanların işlədiyini və gəmilərə müşayiət xidmətinin göstərildiyini iddia edib.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətinin ən mühüm marşrutlarından biridir. Bölgədəki hərbi qarşıdurma və gəmiçilik məhdudiyyətləri neft daşımalarına, enerji qiymətlərinə və beynəlxalq ticarətə ciddi təsir göstərə bilər.