Maddi çətinlik yaşayan Sneyder qiymətli futbol xatirələrini satışa çıxardı

Maddi çətinlik yaşayan Sneyder qiymətli futbol xatirələrini satışa çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder karyerası ərzində topladığı qiymətli futbol xatirələrini hərraca çıxarmaqda davam edir.

İspaniyanın “20minutos” nəşrinin məlumatına görə, satışa çıxarılan ən diqqətçəkən əşya Serxio Ramosun 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatının finalında geyindiyi forma olub. İspaniyalı müdafiəçi həmin oyundan sonra formanı Sneyderə hədiyyə etmişdi.

Tünd göy rəngli, 15 nömrəli forma braziliyalı kolleksiyaçı tərəfindən 65 126 avroya alınıb. Sneyderin özünün həmin finalda geyindiyi forma isə 5 000 avrodan bir qədər artıq qiymətə satılıb.

Sabiq futbolçu bundan əvvəl də karyerasının mühüm mükafatlarını hərraca çıxarıb. Onun 2010-cu il dünya çempionatında qazandığı “Gümüş top” mükafatı 19 001 avroya, 2014-cü il mundialının bürünc medalı 6 500 avroya, Niderland – Braziliya qarşılaşmasının topu 6 100 avroya, iştirak medalı isə 1 024 avroya satılıb.

Sneyderin bu addımı onun maliyyə vəziyyəti ilə bağlı suallar yaradıb. Belə ki, futbolçu 2025-ci ilin sonunda Türkiyədə daşınmaz əmlaka yatırdığı vəsaitlə bağlı fırıldaqla üzləşdiyini açıqlamışdı. Lakin hazırkı hərracların birbaşa həmin itkilərlə əlaqəli olduğu təsdiqlənməyib.

Qeyd edək ki, Sneyder Niderland millisinin tarixində ən çox oyun keçirən futbolçudur. O, yığmanın heyətində 134 qarşılaşmada meydana çıxıb.