“Ağ ölüm” ləqəbli fin snayper 100 günə 500 sovet əsgərini öldürdü

“Ağ ölüm” ləqəbli fin snayper 100 günə 500 sovet əsgərini öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Dünya müharibəsi tarixinin ən məşhur snayperlərindən biri hesab olunan finlandiyalı Simo Häyhä cəmi 100 gün ərzində yüzlərlə sovet hərbçisini öldürməsi ilə tanınıb. Sovet əsgərləri ona “Ağ ölüm” ləqəbi vermişdilər. O, hətta ən peşəkar snayperlərin istifadə etdiyi optik nişangahdan da imtina edirdi.

Tribuna.az xəbər verir ki, bu barədə Ukraynanın “Focus” nəşri məlumat yayıb.

Simo Häyhä Finlandiya ordusuna çağırılana qədər adi fermer həyatı yaşayırdı. 1939–1940-cı illərdəki Sovet-Fin müharibəsi zamanı isə snayper kimi böyük şöhrət qazandı.

Onun əsas xüsusiyyətlərindən biri optik nişangahdan istifadə etməməsi idi. Häyhä hesab edirdi ki, nişangahın şüşəsi günəş işığını əks etdirərək atıcının mövqeyini üzə çıxara bilər. Bundan başqa, optik cihazdan istifadə zamanı başı bir qədər yuxarı qaldırmaq lazım gəlirdi ki, bu da snayperi düşmən atəşi qarşısında daha həssas edirdi.

Snayper qarlı meşələrdə gizlənərək fəaliyyət göstərirdi. Onun mövqeyini müəyyənləşdirmək düşmən üçün olduqca çətin idi. Nəfəsindən çıxan buxarın görünməməsi üçün ağzında qar saxladığı, atəş zamanı qarın havaya qalxmasının qarşısını almaq məqsədilə isə mövqeyinin önündəki qarı su ilə bərkidərək buz qatına çevirdiyi bildirilir.

Sovet qoşunları onu zərərsizləşdirmək üçün xüsusi snayperə qarşı qruplar göndərir, hətta meşə ərazilərini ağır artilleriya atəşinə tuturdu. Buna baxmayaraq, Häyhä uzun müddət aşkarlanmaqdan yayınmağı bacarırdı.

1940-cı il martın 6-da, müharibənin başa çatmasına az qalmış, döyüş zamanı onun üzünün aşağı hissəsinə partlayıcı güllə dəydi. Çənəsi ağır zədələndi və sağ qalması uzunmüddətli müalicə və çoxsaylı əməliyyatlar tələb etdi.

Həkimlərin səyi nəticəsində sağ qalan Häyhä ordudan tərxis edildikdən sonra Finlandiyanın kənd yerlərində yaşayıb, ovçuluq və it yetişdirməklə məşğul olub. O, 2002-ci ildə 96 yaşında vəfat edib.

Qeyd edək ki, onun 500-dən çox düşmən əsgərini öldürməsi barədə rəqəm Finlandiya hərbi mənbələrində göstərilən göstəricilərə əsaslanır. Bu rəqəm müstəqil şəkildə tam təsdiqlənmiş statistika kimi qəbul edilməməlidir.

İmran Kərimli