Polşanın keçmiş prezidenti Kaçinskinin öldüyü təyyarə qəzasının səbəbləri açıqlanıb

Polşanın keçmiş prezidenti Kaçinskinin öldüyü təyyarə qəzasının səbəbləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Polşanın keçmiş prezidenti Lex Kaçinskinin də həlak olduğu 2010-cu il Smolensk təyyarə qəzasının səbəbləri ilə bağlı yeni nəticələr açıqlanıb.

Polşa Milli Prokurorluğunun nümayəndəsi Pşemıslav Novak bildirib ki, beynəlxalq ekspertlər qrupu faciənin əsas səbəbinin təyyarənin enişi zamanı baş verən bir sıra insan səhvləri olduğu qənaətinə gəlib.

Ekspertlərin rəyinə görə, təyyarə qeyri-sabit trayektoriya ilə enişə yaxınlaşıb, pilotlar hündürlüyü düzgün qiymətləndirməyib və təhlükəsiz minimum hündürlükdən aşağı eniblər. Enişi dayandırmaq qərarı isə çox gec verilib.

Qəzanın baş verməsinə təsir göstərən digər amillər arasında sıx duman, Smolensk hərbi aerodromundakı çatışmazlıqlar, Polşa Hərbi Hava Qüvvələrinin uçuşa cavabdeh bölməsində təşkilati problemlər və Rusiya hava hərəkətini idarə edən dispetçerlərin hərəkətləri göstərilib.

Prokurorluğun məlumatına görə, Rusiya dispetçerləri təyyarənin düzgün uçuş trayektoriyasında olmadığını bildikləri halda pilotlara dəfələrlə əksini deyiblər. Onlar enişin dayandırılması barədə göstərişi də qəzanın baş verməsinə cəmi bir neçə saniyə qalmış veriblər.

Bununla yanaşı, beynəlxalq ekspertlər təyyarədə partlayış baş verdiyinə dair heç bir sübut aşkar etməyiblər.

2019-cu ildə yaradılan və 20-dən çox mütəxəssisin daxil olduğu beynəlxalq ekspertlər qrupu araşdırmanı beş il ərzində aparıb. İlkin rəy 2024-cü ilin avqustunda təqdim edilib, əlavə suallar və araşdırmalardan sonra yekun rəy bu ilin mayında hazırlanıb.

Qeyd edək ki, 2010-cu il aprelin 10-da Polşa prezidentini daşıyan Tu-154M təyyarəsi Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 96 nəfərin hamısı, o cümlədən prezident Lex Kaçinski, həyat yoldaşı və ölkənin yüksək vəzifəli dövlət və hərbi rəsmiləri həlak olub.

Faciə Polşada uzun illər siyasi mübahisələrə səbəb olub. Baş nazir Donald Tusk son açıqlamasında müxalifətdəki Hüquq və Ədalət Partiyasını (PiS) faciədən siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edib.

İmran Kərimli