Qan şəkərinə hansı gəzinti daha faydalıdır?

Qan şəkərinə hansı gəzinti daha faydalıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gün ərzində bir dəfə uzun müddət gəzməkdənsə, hər saat bir neçə dəqiqəlik piyada hərəkət etmək qan şəkərinin tənzimlənməsinə daha çox kömək edə bilər. Yeni araşdırma uzun müddət oturaq qalmağın qarşısını almaq üçün qısa gəzintilərin əhəmiyyətini ortaya qoyub.

Tribuna.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri “Health.com”a istinadən məlumat yayıb.

“Obesity” elmi jurnalında dərc olunan araşdırmada artıq çəkisi və ya piylənməsi olan, gün ərzində altı saatdan çox oturaq həyat keçirən 30 nəfər iştirak edib.

Altı həftə davam edən tədqiqat zamanı iştirakçılar həftədə beş gün, hər gün ümumilikdə 45 dəqiqə piyada gəziblər. Onlardan 15-i bu müddəti bir dəfəyə tamamlayıb, digər 15 nəfər isə təxminən hər saatdan bir beş dəqiqəlik gəzintiyə çıxıb.

İştirakçıların qanında qlükoza səviyyəsi fasiləsiz izlənilib. Nəticələr göstərib ki, qısa və müntəzəm gəzintilər edən qrupda qan şəkərinin tənzimlənməsi daha yaxşı olub.

Qısa gəzintilər niyə daha faydalı ola bilər?
Alimlər bu fərqin dəqiq səbəbini hələ müəyyən etməyiblər. Lakin ehtimallardan biri gün ərzində əzələlərin daha tez-tez aktivləşməsidir.

Fiziki hərəkət zamanı əzələlər enerji əldə etmək üçün qandakı qlükozadan istifadə edir. Gəzintiləri gün ərzində bölüşdürmək qlükozanın mənimsənilməsini dəfələrlə stimullaşdıra bilər. Beləliklə, uzun müddət oturmağın yaratdığı mənfi təsirləri azaltmaq mümkün ola bilər.

Tədqiqatçılar hesab edirlər ki, oturaq iş rejimində çalışan insanlar üçün hər saat qısa hərəkət fasilələri faydalı vərdişə çevrilə bilər.

Araşdırmanın məhdudiyyəti: Tədqiqat cəmi 30 nəfəri əhatə edib və altı həftə davam edib. Buna görə nəticələri bütün insanlara şamil etmək və qısa gəzintilərin hər baxımdan uzun gəzintilərdən üstün olduğunu söyləmək hələ tezdir.

İmran Kərimli