Cənubi Asiyada gərginlik yenidən alovlanır. Əfqanıstanın Pakistan ərazisində yerləşən nüvə obyektinə zərbə endirməsi ilə bağlı yayılan məlumatlar regionda təhlükəsizlik balansını ciddi şəkildə sual altına qoyub.
Hadisə ilə bağlı Tribuna.az-a açıqlama verən politoloq Elşən Manafov suallarımızı cavablayıb.
Nüvə obyektinin hədəfə alınması region üçün hansı təhlükəsizlik risklərini yaradır?
Pakistanın mümkün cavab addımları nə ola bilər? Bu, genişmiqyaslı müharibəyə səbəb ola bilərmi?
Politoloq bildirib:
“Hazırda Əfqanıstan və Pakistan arasında gedən hərbi əməliyyatlar öz maştabına görə son 4 ilin ən iri həcmli əməliyyatlarıdır. Başlanmış hərbi əməliyyatlar hələ keçən ilin sonunda Türkiyə və Qətərin vasitəçiliyi ilə atəşkəs barədə əldə edilmiş razılığın kövrək olduğunun göstəricisidir.
Bu ili fevralın 6-sı,19 və 21-də əfqan talibləri ilə bağlı qruplaşmalar tərəfindən İslamabadda şiə məscidində olan partlayış, habelə, Belucistanda taliblərin həyata keçirdikləri terror aktları Pakistanı cavab tədbirləri görməyə sövq etmiş, nəticədə Pakistanın hərbi hava qüvvələri tərəfindən əfqan ərazisindəki terrorçu birləşmələrin mövqelərinə hava zərbələri endirilmişdir. Əfqanıstanın Pakistanla sərhəddə əfqanların keçirdiyi əməliyyatlardan sonra Pakistan rəsmən Əfqanıstana müharibə elan etmişdir.
Müharibənin gerçək səbəbi isə Britaniya müstəmləkəçiliyinin regionda qoyduğu tarixi irs, habelə, dünyanın bu bölgəsində fərqli geosiyasi baxışlara malik dövlətlərin, müxtəlif güc mərkəzlərinin maraqları ilə bağlıdır.
Britaniyanın Hindistanda, xüsusilə Mərkəzi Asiyada öz nüfuz dairəsini genişləndirmək istəyi 19-cu əsrdə 3 dəfə ingilis əfqan müharibələrinə səbəb olmuş, bununla belə, əfqanların müqavimətini qırmaq, Rusiyanın isə Mərkəzi Asiya regionuna nüfuzunun qarşısını almaq Britaniya imperiyasına müyəssər olmamışdır. O zaman Britaniyalı siyasətçi ser Dyurlandın təşəbbüsü ilə sərhəd xətti müəyyənləşdirilmişdir. 1893-cü ildə təşkil edilmiş bu xətt onun ideya müəllifinin adı ilə
diplomatiya tarixində tanınır. Britaniya 1947-ci ildə Hindistanı tərk etdikdən sonra onunla Pakistan arasında dini faktorlara söykənərək sərhəd xətti müəyyənləşdirilmiş, lakin tərəflərin məlum ərazilərə (Kəşmir məsələsi) qarşılıqlı iddiaları həll edilməmiş qalmışdır.
Əfqanıstan da Dyurland xətti ilə Pakistanla həmsərhəd bölgələrdə bəzi ərazilərin Pakistana məxsusluğu ilə barışmamış, zaman keçdikcə bu tərəflər arasında sərhəd toqquşmalarına gətirib çıxarmışdır.
Dyurland xətt təxminən 2640 km bir ərazini əhatə edir və bu ərazinin təmas xətti boyunca zaman zaman yaşanan sərhəd toqquşmalarında bəlli dövlətlərin, geosiyasi güc mərkəzlərinin maraqları olmuşdur.
Başlanmış olan hərbi əməliyyatlarla bağlı Pakistanın müdafiə naziri Asif Hindistanı məsul bilir, rəsmi Dahlinin talibləri Pakistanla müharibəyə sürükləməsində öz maraqlarının olduğunu bildirir.
Məlumdur ki, Pakistan Hindistanla uzun zamandır ki, münaqişə vəziyyətindədir. Tərəflər arasında dəfələrlə müharibələr olmuşdur.
Əfqanıstanın Talib hökuməti isə məlum müharibəni onun iqtidarından narazı olan əfqan cəmiyyətini öz ətrafında konsolidasiya etmək məqsədilə başlaya bilər, zira Əfqanıstanda insan haqları, xüsusilə qadın hüquqları taliblər tərəfindən kobud şəkildə pozulur, bu mənada müharibə ritorikasından taliblərin daxili auditoruyanı sakitləşdirmək üçün istifadə edəcəyi istisna etmək olmaz.
ABŞ və İran arasında diplomatik və hərbi qarşıdurmanın kəskin bir fazaya keçdiyi şəraitdə istisna etmək olmaz ki, tərəflər arasında gərginləşdirilmiş durum dünyanın diqqətinin bu münaqişəyə yönəltmək və “bulanıq suda balıq tutmaq” sevdasından da irəli gələ bilər.
Çinin bölgədə getdikcə artan nüfuzu da hazırda özünü dünyaya sülhpərvər siyasətçi kimi təqdim etməkdə olan Trampın “stəkanda fırtına yaratmaq” və sonra da qısa zamanda onun söndürülməsinə nail olmaqla ABŞ-ın dünyada hələ də hegemon olduğunu, geosiyasi güc mərkəzlərinə göstərmək istəyindən qaynaqlana bilər”.
Dəniz Pənahova










