Sumqayıt şəhərində fəaliyyət göstərən “Dəniz Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimələnib.
Tribuna.az xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, MMC məcburi auditdən yayınıb.
Belə ki, Maliyyə Nazirliyi “Dəniz Tekstil” şirkətinin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edib və baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərib.
Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, MMC-nin və protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməyiblər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməyiblər.
Məhkəmə “Dəniz Tekstil” və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edib.
Məhkəmə iş materiallarını araşdıraraq hesab edib ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir.
Belə ki, iş materiallarında olan protokolu tərtib edən orqanın bildirişindən görünür ki, “Dəniz Tekstil” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditinin 2025-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılıb. Qeyd edilib ki, MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.
Məhkəmə “Dəniz Tekstil” MMC-ni inzibati xətanı törətməkdə təqsirli bilib və şirkətin barəsində 1 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini qərara alıb.
Qeyd edək ki, “Dəniz Tekstil” MMC barəsində daha əvvəl Mərkəzi Bank tərəfindən protokol tərtib edilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və inzibati xətanın obyekti olmuş 107 780 ABŞ dolları pul vəsaitinin 20 faizi məbləğində, yəni 21 556 ABŞ dolları məbləğində cərimə olunub.
Məlumat üçün deyək ki, “Dəniz Tekstil”in nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi Abiyev İbrahim Ağasəf oğludur.









