Xəbər verdiyimiz kimi, qanunsuz əməllər törətməkdə şübhəli bilinən 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva saxlanılıblar. Onların müxtəlif süni intellekt proqramlarından istifadə etməklə vətəndaşlarda güzəştli mənzilləri növbədənkənar əldə edə biləcəkləri barədə yanlış təsəvvür yaratdıqları bildirilir. Şübhəlilər bu məqsədlə MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayaraq vətəndaşlara təqdim edib, 1000 manatdan 9000 manatadək vəsait əldə ediblər.
Mənzil alqı-satqısı ilə bağlı dələduzluq halları yeni deyil. Əvvəllər bir mənzilin bir neçə şəxsə satılması kimi üsullardan istifadə edilirdisə, indi texnologiyanın inkişafı bu cür fırıldaqların daha inandırıcı formada həyata keçirilməsinə imkan yaradır.
Bəs mənzil alarkən dələduzluqla üzləşməmək üçün hansı məqamlar nəzərə alınmalıdır?
Tribuna.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyib ki, təxminən iki il əvvəl Əmlak Komitəsi bununla bağlı yeni qərar qəbul etdi:
“Artıq çıxarışların elektron formada verilməsi nəzərdə tutulur. Hətta bina tam hazır olmasa belə, ilkin satış zamanı elektron portala daxil olaraq həmin mənzilin hansı fiziki şəxsin adına rəsmiləşdirildiyi barədə məlumat əldə etmək mümkündür. Bu mexanizmlə də bir sıra fırıldaqçılıq hallarının qarşısının alınmasına çalışılır. Burada əsas problem, məncə, tikinti şirkətlərinin fəaliyyəti ilə bağlıdır. Bəzi tikinti şirkətlərinə nəzarət daha da gücləndirilməlidir. Ən ciddi problemlər də məhz yeni tikilən binalarla bağlı yaranır”.
Ekspert tanınmayan və fəaliyyəti barədə kifayət qədər məlumat olmayan şirkətlərdən mənzil almamağı tövsiyə edib:
“Xüsusilə ilkin tikinti mərhələsində mənzil almağa tələsməsinlər. Çünki ən çox aldanma və fırıldaqçılıq halları məhz bu mərhələdə baş verir. Bina hələ hazır olmur, layihə hazırlanır və vətəndaş ilkin ödəniş edir. Bəzən isə həmin şirkətlər bir mənzili bir neçə şəxsə sataraq sonradan ciddi problemlər yaradırlar. Bina hazır olduqdan sonra vətəndaş mənzili təhvil almaq və təmirə başlamaq istəyir. Bu zaman başqa bir şəxs gəlib həmin mənzilin ona məxsus olduğunu bildirir. Daha sonra digər şəxslər də ortaya çıxır və məlum olur ki, eyni mənzil bir neçə nəfərə satılıb. Belə olan halda məhkəmə prosesləri başlayır, bəzi hallarda isə tikinti şirkətləri fəaliyyətini dayandırır və vətəndaşlar ciddi problemlərlə üzləşirlər. Xüsusilə şərikli fəaliyyət göstərən tikinti şirkətlərində də müəyyən risklər mövcuddur. Bir çox hallarda bir binanın tikintisi ilə bağlı dörd-beş nəfər müxtəlif formada şərik olur. Sonradan həmin şəxslər arasında yaranan mübahisələr də vətəndaşların hüquqlarına və mənzillərin hüquqi statusuna mənfi təsir göstərə bilir. Ona görə də vətəndaşlara tövsiyəm odur ki, tanınmayan və etibarlılığı barədə məlumat olmayan şirkətlərdən mənzil almasınlar”.
M.Rüstəmov bildirib ki, vətəndaşlar çıxarışı olmayan binalardan, hətta bina tam hazır olsa belə, mənzil almağa tələsməsinlər:
“Elə binalar var ki, hazır vəziyyətdədir, amma çıxarışı yoxdur. Bəzən tikinti şirkətinin rəhbəri vətəndaşa “yaxın vaxtlarda binaya çıxarış veriləcək” deyə vəd verir. Vətəndaşlarımız belə vədlərə qətiyyən aldanmamalıdırlar. Əgər binada qaz xətti çəkilməyibsə və bina müvafiq qaydada istismara qəbul edilməyibsə, bu da ciddi risk göstəricisidir. Yəni bina ilə bağlı texniki və hüquqi məsələlərin tam həll olunub-olunmadığını mütləq araşdırmaq lazımdır. Çıxarışı olmayan mənzil və binalarla bağlı vətəndaşlar xüsusilə diqqətli olmalıdırlar. Eyni məsələ fərdi torpaqlara da aiddir”.
Ekspert deyib ki, vətəndaşlar etibarnamə ilə torpaq almasınlar:
“Torpağın birbaşa çıxarışı olmalıdır və həmin sənəddə torpağın təyinatı, kateqoriyası və xüsusi mülkiyyətdə olması kimi məlumatlar mütləq yoxlanılmalıdır. Bu, həm torpaq sahəsinə, həm fərdi evə, həm də yeni tikilən binalardakı mənzillərə aiddir. Problemin həlli üçün isə tikinti şirkətlərinə nəzarət mexanizmlərinin daha da gücləndirilməsinə ehtiyac var. Müvafiq dövlət və yerli icra qurumları bu məsələyə daha ciddi yanaşmalıdırlar. Son illərin statistikasına baxdıqda da mənzil və əmlak məsələlərində aldanma, xüsusilə bir mənzilin bir neçə şəxsə satılması ilə bağlı məhkəmə çəkişmələrinin kifayət qədər çox olduğunu görürük. Ona görə də vətəndaşlarımız üçün ən əsas tövsiyə budur: boş vədlərə aldanmasınlar və təkbaşına qərar verməsinlər. Əgər vətəndaş yeni tikilən binadan mənzil və ya torpaq almaq istəyirsə, bu sahədə maraqlı olan bir vəkillə, əmlak eksperti ilə və ya digər mütəxəssislə məsləhətləşsin. Sənədləri araşdırsınlar, hüquqi vəziyyəti yoxlasınlar və yalnız bundan sonra qərar versinlər”.\\globalinfo.az









