Dünyada canlı dillərin sayı ilə bağlı aparılan son araşdırmanın nəticələri açıqlanıb. Hesabata görə, dünyada ən azı 100 canlı dilin danışıldığı cəmi 20 ölkə var. Siyahıya isə 843 dillə Sakit okeanda yerləşən Papua Yeni Qvineya başçılıq edir.
Tribuna.az xəbər verir ki, araşdırmada dillərin ana dili kimi istifadə edən əhalinin sayı əsas götürülüb. Mütəxəssislər bildirirlər ki, coğrafi şərait, miqrasiya, təcrid olunmuş yaşayış məntəqələri və tarixi proseslər ölkələrdə dil müxtəlifliyinin formalaşmasında mühüm rol oynayıb.
Əhalisi 12 milyondan az olan Papua Yeni Qvineya dağlıq relyefi, yüzlərlə adası və bir-birindən təcrid olunmuş icmaları sayəsində dünyanın ən böyük dil müxtəlifliyinə malik ölkəsi hesab olunur. Burada danışılan dillərin sayı əhalisi bu ölkədən 100 dəfədən çox olan Hindistandakı dil sayından demək olar ki, iki dəfə çoxdur.
Siyahıda Papua Yeni Qvineyadan sonra 709 canlı dillə İndoneziya qərarlaşıb. Sonrakı yerləri isə Nigeriya, Hindistan və Çin tutur. ABŞ isə 239 canlı dillə dünyada səkkizinci yerdədir. Hesabatda qeyd olunur ki, ABŞ-da bu dillərin böyük hissəsi yerli xalqlara məxsusdur və onlardan ən azı 50-si artıq məhv olub, bir çoxu isə yox olmaq təhlükəsi ilə üz-üzədir.
Araşdırmaya görə, dil müxtəlifliyinin ən aşağı olduğu ölkə Şimali Koreyadır. Burada cəmi iki canlı dil – koreya dili və Koreya işarə dili istifadə olunur. Mütəxəssislər bunu İkinci Dünya müharibəsindən sonra ölkənin uzun illər təcrid olunmuş vəziyyətdə qalması ilə əlaqələndirirlər.
Hesabatda həmçinin Kuba və Dominikan Respublikasında da danışılan dillərin sayının az olduğu vurğulanır. Bildirilir ki, müstəmləkəçilik dövründən sonra ispan dilinin üstün mövqe qazanması yerli dillərin zamanla yox olmasına və ya ispan dili içərisində assimilyasiya olunmasına səbəb olub. Araşdırma müəllifləri hesab edirlər ki, bu gün az sayda dilə malik olan bir çox ölkə keçmişdə daha zəngin dil müxtəlifliyinə sahib olub.









